“İslam NATO-su” ideoloji bəyanatdan uzağa gedə bilməz” - Yücel Karauz

  • “Regiondakı balansı utopik bloklar deyil, Türkiyə-Azərbaycan əməkdaşlığı formalaşdırır”

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədahüseyn Maliki “İslam NATO-su”nun yaradılması təklifini gündəmə gətirib. Onun sözlərinə görə, ABŞ və İsrailin İrana hücumları müsəlman ölkələri arasında hərbi-siyasi ittifaqın formalaşdırılmasını zəruri edir: “ “Qərb NATO-suna qarşı “İslam NATO-su”nun yaradılması təklifi bir çox İslam ölkəsi tərəfindən qəbul edilib. İslam ölkələri arasında birlik və həmrəylik yaradılacağı təqdirdə, ABŞ və İsrail Fələstində, Livanda və Yəməndə öz fəaliyyətlərini davam etdirməyə heç vaxt cəsarət etməyəcək.

Lakin İslam dünyasındakı fərqli geosiyasi mövqelər və ziddiyyətli milli maraqlar belə bir ittifaqın nə dərəcədə real olduğunu sual altına qoyur. 

“İslam NATO-su”nun regional reallıq, yoxsa ritorika olmasını dəyərləndirən Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bildirib ki, İran rəsmisinin gündəmə gətirdiyi “İslam NATO-su” təklifi İslam dünyasının vahid hərbi çətir altında birləşməsi yönündəki tarixi ideallara söykənsə də, strateji reallıqla üst-üstə düşmür. 

Generalın fikrincə belə bir ittifaqın qurulması kollektiv müdafiə öhdəliyi, vahid komandanlıq zənciri və dərin kəşfiyyat mübadiləsi tələb edir:

“Halbuki, günümüzün İslam dünyası vahid təhlükəsizlik arxitekturasını formalaşdırmaq üçün bir-birindən ciddi şəkildə fərqlənən geosiyasi mövqelərə və ziddiyyətli milli maraqlara malikdir. “İslam NATO-su” ideyasının reallaşması qarşısında ciddi siyasi və geosiyasi maneələr mövcuddur. İlk növbədə, İslam ölkələrinin Qərb və İsraillə münasibətlərindəki fərqliliklər vahid hərbi-siyasi blokun yaradılmasını çətinləşdirir. Türkiyənin NATO üzvü olması, Körfəz ölkələrinin ABŞ ilə təhlükəsizlik və müdafiə sahəsində sıx əməkdaşlığı, eləcə də bəzi ərəb dövlətlərinin İsraillə diplomatik və təhlükəsizlik əlaqələri İranın Qərb əleyhinə vahid İslam bloku yaratmaq təşəbbüsünün qarşısında ciddi əngəllər yaradır.

Digər mühüm problem isə İslam ölkələri arasında qarşılıqlı etimadsızlıqdır. Sünni-şiə qarşıdurması ilə yanaşı, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və digər regional güclər arasında nüfuz rəqabəti də mövcuddur. Bu amillər dövlətlərin təhlükəsizlik mexanizmlərini və strateji imkanlarını vahid sistem çərçivəsində birləşdirməsinə, hərbi məlumatları və bazalarını bir-birinə açmasına imkan vermir”.

Y. Karauz həmçinin qeyd edib ki, yaxın Şərqdə mövcud vəziyyət əhatəli bir İslam bloku yaratmaq əvəzinə, Körfəz-Qərb və Müqavimət Oxu arasındakı ayrılığı daha da dərinləşdirir:

“Bu səbəbdən regionda realist təhlükəsizlik həlləri bütün İslam dünyasını əhatə edən utopik paktlardan deyil, Körfəz Əməkdaşlıq Şurası kimi mikro-regional strukturlardan keçir. Qafqazda isə ziddiyyətli təhlükəsizlik maraqları səbəbindən kağız üzərindəki bu cür ittifaqların praktiki qarşılığı yoxdur. Regiondakı balansı utopik bloklar deyil, Türkiyə-Azərbaycan nümunəsində olduğu kimi konkret, strateji və ikitərəfli və ya üçtərəfli hərbi əməkdaşlıq modelləri formalaşdırır. Bir sözlə, “İslam NATO-su” ideyası ideoloji bəyanatdan uzağa gedə bilməz. Hərbi və strateji müstəvidə isə bu təşəbbüs çoxqütblü regional balansların reallığına məğlub olmağa məhkumdur”.