İsrail-Azərbaycan münasibətləri həndəsi silsilə ilə inkişaf edir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 
Azərbaycan xalqı ilə yəhudilər arasında ortaq maraqlar çoxdur. İki xalqın bir-birinə münasibəti hər zaman xüsusilə seçilib
  Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmət və ehtiramla yanaşıblar. Müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu dövlət arasında münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlərdə xüsusi dinamika müşahidə olunur: əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi bunun bariz nümunəsidir. Ötən gün İsrail Prezidenti İshaq Hersoqun Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. Hersoqun Azərbaycana səfəri sübut edir ki, Azərbaycanla İsrail arasında münasibətlərin daha da yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. İsrail Prezidentinin yürütdüyü siyasət də ikitərəfli münasibətlərə strateji xarakter verib. 
Onun dövlət başçısı seçilməsindən sonra Azərbaycanla münasibətlər həndəsi silsilə ilə inkişaf edir. İsrail Prezidentinin 30 il əvvəl formalaşmış münasibətlərin nə qədər möhkəm olduğunu bütün dünyaya nümayiş etdirməsi də sevindirici haldır. Hersoqun Azərbaycana səfəri çərçivəsində dövlətlərarası münasibətlərdə, müxtəlif sahələrdə sənədlər imzalandı. Əməkdaşlığın, tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparıldı. İki ölkə bir çox beynəlxalq tədbirlərdə, tribunalarda bir-birilərinin mövqelərini, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər. İsraillə Azərbaycanın daha da yaxınlaşması hər iki dövlətin və xalqların marağına cavab verir. Səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir. Dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri iki ölkənin daha da yaxınlaşmasını hədəfləyən qərarlar verərkən hər iki ölkənin cəmiyyətlərinin istəyinə əsaslanırlar. Çünki xalqlarımızın münasibəti maddi maraqlar üzərində yox, səmimi dostluq və qardaşlıq üzərində qurulub. İki ölkə arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və dostluq münasibətləri iki ölkəni birləşdirir. Xalqlarımız arasında əlaqələr tarixi köklərə malikdir. Azərbaycan yəhudi icması Azərbaycanda sülh içində yaşayır. Yəhudi icması qayğı ilə əhatə olunub, onlar Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir. Azərbaycan onların evidir. Onlar Azərbaycanın bütövlüyü uğrunda canlarından keçib. İsraildəki Azərbaycandan getmiş yəhudi icmasının üzvləri Azərbaycanla yaxın əlaqələr saxlayır. Yəhudi xalqı tarixən olduğu kimi bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanında olacaq. Hər hansı bir kənar düşmən qüvvə xalqlarımızın bu dostluğunu və qardaşlığını poza bilməz və bu münasibətlər daha da yüksək olacaq. Dövlət başçımızın söylədiyi kimi: “Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndiririk”. İsrail Prezidenti İshaq Hersoqun dediyi kimi: "İsrail-Azərbaycan münasibətləri dünyaya nümunədir. Azərbaycan və İsrail arasında yaxın əlaqələr yalnız ortaq maraqlara deyil, tarixi münasibətlərə, paylaşdığımız ortaq dəyərlərə əsaslanır". Hersoq yəhudi icması ilə də görüşüb və öz fikirlərini bölüşüb: "Tarix göstərir ki, yəhudi xalqı ilə azərbaycanlılar arasında münasibətlər dərin köklərə malikdir. Yüz illərdir ki, Azərbaycan yəhudiləri Azərbaycan mədəniyyətinin və siyasətinin zəngin toxumasının bir hissəsidir. Dinlərarası əməkdaşlıq, mədəniyyətlərarası tolerantlıq, hörmət irsi bu dövrdə xalqlarımız üçün zamanın tələbidir və hamımızın dünyaya verdiyi hədiyyədir". 
  Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan-İsrail əlaqələri strateji əhəmiyyət daşıyır. Politoloq vurğulayıb ki, hər bir ölkənin xarici siyasətinin  formalaşmasında geosiyasi parametrlər olduqca əhəmiyyətlidir:
 "Xüsusən, təhlükəsiz məsələləri vadar edir ki, İsrail-Azərbaycan münasibətləri birgə şəkildə siyasi, iqtisadi, hərbi-texniki əməkdaşlıqda maraqlı olsunlar. Azərbaycan xalqı ilə yəhudilər arasında ortaq maraqlar çoxdur. İki xalqın bir-birinə münasibəti hər zaman xüsusilə seçilib. Məlumdur ki, yəhudilərə qarşı bir çox ölkələrdə, cəmiyyətlərdə tolerantlıq, dözümlülük heç də yüksək səviyyədə deyil. Yəhudilərə qarşı təqib siyasəti yürüdülür. Amma Azərbaycanda heç vaxt dözümsüzlük, diskriminasiya olmayıb. İsraildə səfirliyimizin açılması, israilli rəsmilərin Azərbaycana mütəmadi səfərləri əməkdaşlığın genişləndirilməsi deməkdir. Azərbaycan müstəqil ölkədir və öz xarici siyasətini formalaşdırarkən heç kimdən çəkinmir, kiməsə izahat vermir. İrandakı narahatlıq yersizdir. Azərbaycanın hər hansı dövlətlə münasibəti digər üçüncü ölkəyə qarşı deyil. Tehran rejimi isə əksinə, Azərbaycana qarşı olduğu üçün Ermənistanla çox sıx əlaqədə olub və indi də əlaqələr inkişaf etdirilir. Buna rəğmən, ölkəmiz İrana beynəlxalq təzyiqlərə qoşulmayıb, ərazimizdən cənub qonşumuza qarşı hansısa addım atılmasına şərait yaratmayıb. Əgər İran Azərbaycana qarşı çıxmaq məqsədi ilə Ermənistanla əlaqələri sıxlaşdırmağa davam edərsə, baxış bucağımızı dəyişə bilərik".