İstanbul Bəyannaməsi Cənubi Qafqaz üçün olduqca önəmlidir - Emre Diner

Sazişinin imzalanması Türkiyə, Azərbaycan və Gürcüstanın Cənubi Qafqazın əsas nəqliyyat və enerji oxunu birlikdə idarə etməyə kömək edəcək

Türkiyə, Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlərinin Onuncu Üçtərəfli Görüşünün İstanbul Bəyannaməsi imzalanıb. Bu bəyənnamə ilə dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyi bir daha təsdiq edilib. Həmçinin sazişdə regional və qlobal çağırışları dəf etmək üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyəti ilə yanaşı bir neçə önəmli məqam da vurğulanıb.

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner mövzu ilə bağlı Sherg.az-a bildirib ki, bu kritik saziş Cənubi Qafqaz üçün olduqca önəmlidir:

"Tərəflər bu sazişlə xüsusilə Cənubi Qafqazda sülh və sabitliyin qorunması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, ticarət və iqtisadi inteqrasiyanın artırılması və regional problemlərin ortaq koordinasiya ilə aradan qaldırılmasını rəsmi şəkildə bir daha təsdiqləmiş oldular.

Bu bəyannamə geniş ticarət həcminin və qlobal miqyasda geosiyasi gücün açarını təqdim edir.

İmzalanan saziş “iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və regional sabitliyin idarə olunmasını” üç ölkəyə verir.

Bir həqiqətin altından xətt çəkmək lazımdır ki, Türkiyə və Azərbaycanla ortaq fəaliyyət Gürcüstana enerji tranzit gəlirləri, dəmir yolu və liman investisiyaları ilə yanaşı, Avropa-Asiya ticarətində strateji mövqeyini gücləndirmək imkanı da verir".

Analitik qeyd edib ki, İstanbul sazişinin imzalanması Türkiyə, Azərbaycan və Gürcüstanın Cənubi Qafqazın əsas nəqliyyat və enerji oxunu birlikdə idarə etməyə kömək edəcək:

"Bu saziş üç aktorun Orta Dəhlizi böyütməyə və regional sabitlik məsələsində koordinasiyalara davam edəcəklərini elan etmələri deməkdir".