Türkiyənin görüşə ev sahibliyi etməsi təsadüfi deyil
“ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında İstanbulda planlaşdırılan görüş əslində təkcə nüvə proqramı ilə bağlı texniki müzakirə deyil, daha geniş geosiyasi gərginliklə bağlıdır”.
Sherg.az xəbər verir ki, bu sözləri fevralın 6-da İstanbulda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında keçiriləcək görüşü şərh edən siyasi şərhçi Ülviyyə Zülfiqar deyib. Siyasi şərhçi hesab edir ki, görüşün əsas məqsədi regional gərginliyi azaltmaq və xüsusilə Yaxın Şərqdə diplomatik dialoqu gücləndirməkdir:
“Son aylarda Yaxın Şərqdə artan risklər, ABŞ-ın regiondakı hərbi mövcudluğu və İranın proseslərə təsir dairəsi və s. bu danışıqları daha da mühüm və həssas edir. Bu baxımdan görüşün keçirilməsi faktının özü belə artıq müsbət siqnal kimi qiymətləndirilə bilər”.
Ü. Zülfiqar hesab edir ki, Türkiyənin görüşə ev sahibliyi etməsi təsadüfi deyil: “Rəsmi Ankara həm NATO üzvü, həm də hər iki tərəflə açıq diplomatik kanalları olan nadir ölkələrdəndir. Türkiyə uzun illərdir ki, Qərblə İran arasında dialoq platforması rolunu oynaya bilir. Rusiya- Ukrayna məsələsində də biz Türkiyənin bu cür uğurlu siyasi platforma rolunu oynadığını görürük. Bu balanslaşdırılmış mövqe qeyd olunan bütün istiqamətlərdə danışıqların daha rahat və siyasi təzyiqsiz mühitdə aparılmasına imkan yaradır. Bu görüşün əsas məqsədi dərhal yeni nüvə sazişi imzalamaqdan daha çox, qarşılıqlı etimadın bərpası və eskalasiyanın qarşısını almaqdır. ABŞ üçün əsas prioritet İranın nüvə fəaliyyətini nəzarətdə saxlamaq və regionda müharibə riskini azaltmaqdır. İran üçün isə əsas məsələ sanksiyaların yumşaldılmasıdır. Bu mənada Türkiyənin vasitəçi platforma rolu həqiqətən də müharibə ehtimalını azalda biləcək faktorlardan biridir. Dialoq kanallarının bağlanması müharibələrə yol aça bilir. İstanbul görüşü isə göstərir ki, bütün gərginliklərə baxmayaraq, tərəflər hələ də danışmağa cəhd edə bilirlər. Bu isə hazırki vəziyyətdə gərginliyin yaşandığı istiqamət üçün ən ümidverici məqamdır”.