“İstanbul hücumu imic savaşının başlanğıcı ola bilər”
Aprelin 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail Konsulluğu qarşısında baş verən hücumla bağlı bildirdi ki, “Zamanı planlaşdırılmış təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına imkan verməyəcəyik”.
İsrail Xarici İşlər Nazirliyi də hadisəni “konsulluğa yönəlmiş terror hücumu” kimi qiymətləndirdi. İsrail XİN Türk təhlükəsizlik qüvvələrinin sürətli müdaxiləsini təqdir etdiyini söylədi.
Qeyd edək ki, hadisə barəsində araşdırmalar davam etdirilir. Regionun gərgin vaxtında törədilən bu terror aktı bir neçə suallar doğurur.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner mövzu ilə bağlı Sherg.az-a İstanbulda İsrail Konsulluğunun yerləşdiyi qüllənin qarşısında polis əməkdaşlarını hədəf alan terror hücumununu qınadığını bildirib:
"Hadisənin mənbəyi ilə bağlı rəsmi açıqlamanı Türkiyə dövlətinin səlahiyyətli qurumları verəcək. Lakin belə bir hücumun səbəbləri arasında ehtimal olaraq ağla 4 sual gəlir.
Birinci sual, şübhəsiz ki, Yaxın Şərqdə 39 gündür davam edən ABŞ-İsrail-İran müharibəsinə Türkiyənin cəlb edilmək istənilib-istənilməməsi ilə bağlıdır.
Yaxın Şərqdə onsuz da yüksək olan gərginlik artıq hər an yeni cəbhələrin açıla biləcəyi bir səviyyəyə çatıb. Müharibə üç ölkə ilə yanaşı İraq, Körfəz ölkələri kimi ərazilərə də yayılıb. Məhz belə bir mühitdə Türkiyə kimi kritik bir aktorun hədəfə alınması ehtimalı gözardı edilə bilməz.
Diplomatik normalara görə, hər hansı bir ölkənin konsulluğu ətrafında baş verən hücum birbaşa beynəlxalq böhran yaratmaq potensialına malikdir. Bu səbəbdən diplomatik nümayəndəliklər sadəcə bina deyil, eyni zamanda dövlətlərin suverenliyinin göstəricisidirlər.
Bu baxımdan, hadisənin Türkiyəni daha böyük bir geosiyasi gərginliyin içinə çəkmək məqsədi daşıyıb-daşımadığı ciddi şəkildə araşdırılmalıdır. Səlahiyyətli qurumlar bütün ehtimalları nəzərə alaraq məsələni dəyərləndirəcək".
Analitik qeyd edib ki, ikinci sual "Türkiyə ilə bağlı “təhlükəsiz olmayan ölkə” imicinin formalaşdırılmaq istənilməsi ilə bağlıdır:
"Dünyanın ən məşhur şəhərlərindən biri olan İstanbul böyük metropoldur və yerləşmə baxımından da olduqca önəmlidir. Maliyyə mərkəzlərinin yerləşdiyi bir ərazidə İsrail konsulluğunun ətrafında baş verən silahlı insident yalnız təhlükəsizlik baxımından deyil, həm də informasiya və imic müharibəsi kontekstində qiymətləndirilə bilər.
Son dövrlərdə hər sahədə güclənən Türkiyənin adı dünya miqyasında daha çox hallanır. Buna görə də müxtəlif sahələrdə investisiya cəlb edən, diplomatik müstəvidə güclü və etibarlı imicini qorumağa çalışan bir ölkəyə qarşı belə hücumlardan sonra qlobal media vasitəsilə qara təbliğat aparılaraq “təhlükəsiz olmayan ölkə” obrazının yaradılması ciddi riskdir.
Ekspert bildirib ki, başqa bir ssenari də “Türkiyədə təhlükəsizlik zəifdir” təsəvvürünün formalaşdırılması ola bilər:
"Bu ehtimal xüsusilə iqtisadi və diplomatik rəqabətin kəskinləşdiyi bir dövrdə diqqət çəkir. Ağla "bu, “saxta bayraq” əməliyyatıdırmı?" deyə 4-cü sual gəlir. Bu dörd sual içində ən kritik olanlardan biri də məhz “saxta bayraq” ehtimalıdır. Müharibənin əvvəlindən bəri Türkiyə bu cür təxribatlara uymadan öz yolunda irəliləyir.
Türkiyənin hava məkanına 4 dəfə raket qalıqları düşdü, ölkə həm ən yüksək səviyyədə xəbərdarlıq etdi, həm də təxribatlara uymadı. “Saxta bayraq” (false flag) əməliyyatları tarix boyu dövlətlərin istifadə etdiyi üsullardan biridir. Buradakı məqsəd hadisəni başqa bir tərəfin üzərinə ataraq ictimai rəyi yanlış istiqamətə yönləndirmək və mümkün böhrandan fayda əldə etməkdir. Yekun nəticə üçün isə dövlət qurumlarının rəsmi açıqlamalarının əsas götürmək vacibdir".