KAAN Avropanın diqqət mərkəzində: NATO ölkələri üçün F-35-ə alternativ ola bilər

Avropa ölkələrinin ortaq müdafiə sənayesi layihələrində yaşadığı uğursuzluqlar fonunda Türkiyənin hazırladığı 5-ci nəsil döyüş təyyarəsi olan KAAN NATO üzvləri üçün perspektivli alternativ kimi ön plana çıxır.

Sherg.az xəbər verir ki, məlumata görə, Almaniya və Fransa 2019-cu ildə başladılan və dəyəri 100 milyard avro qiymətləndirilən yeni nəsil döyüş təyyarəsi proqramını bu ilin mayında dayandırıb. Eyni zamanda, Avropanın müdafiə sahəsində birgə layihələrinin bir çoxunda gecikmələr və maliyyə problemləri müşahidə olunur.

Ekspertlər bildirirlər ki, NATO daxilində 5-ci nəsil döyüş təyyarəsini uğurla hazırlayıb sınaqdan keçirən cəmi iki ölkə var - Amerika Birləşmiş Ştatları və Türkiyə. ABŞ istehsalı olan F-35 Lightning II proqramının yüksək istismar xərcləri və texniki məhdudiyyətləri bəzi Avropa ölkələrini alternativ axtarmağa vadar edib.

Türkiyənin müdafiə sənayesi sahəsində çevik yanaşması sayəsində KAAN-ın müxtəlif NATO və Avropa ölkələrinin radar, sensor və digər sistemlərinə uyğunlaşdırıla biləcəyi vurğulanır. Daha əvvəl HÜRJET layihəsində də buna bənzər əməkdaşlıq modeli İspaniya ilə həyata keçirilib.

Mütəxəssislərin fikrincə, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvəsi zamanı KAAN layihəsinin liderlərin müzakirə edəcəyi əsas mövzulardan biri olması istisna edilmir. Türkiyənin yeni nəsil döyüş təyyarəsinin tam operativ istifadəyə verilməsinin isə 2030-cu illərdən sonra gözlənildiyi bildirilir.