Türkiyədə müxalifətin əsas siyasi qüvvəsi olan Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu partiyasının Baş Qərargahında keçirilən qrup toplantısında çıxış edərək daxili çəkişmələrə və qurultay prosesinə münasibət bildirib.
Sherg.az xəbər verir ki, Kılıçdaroğlu partiyada təmizlənmə prosesinin aparılacağını vurğulayaraq, “CHP qurultaylarında pul, maraq və alver olmaz. Bu partiya Mustafa Kamal Atatürkün partiyasıdır. Mənim kreslo dərdim yoxdur. Qurultayı çağıracağam və əxlaqlı, ləyaqətli qurultay keçirəcəyik”, - deyə bildirib.
CHP lideri partiya daxilində qanunsuz fəaliyyətlərə yol verən şəxslərlə bağlı sərt tədbirlərin görüləcəyini qeyd edib: “Kim bu işlərə qarışıbsa, kim pul müqabilində təsir göstərməyə çalışıbsa, onlarla yollarımız ayrılacaq”.
Partiya daxilindəki gərginlik fonunda CHP-nin Baş Qərargahı ilə parlament qrupu arasında fikir ayrılıqları davam edir. CHP qrup rəhbəri Özgür Özel isə parlamentdə keçirdiyi toplantıda partiyanın müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşdiyini bildirib.
Qeyd edək ki, son günlər CHP-də rəhbərlik uğrunda mübarizə və növbədənkənar qurultay məsələsi ətrafında ciddi siyasi gərginlik yaşanır.