KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənənlərin göstəricisi onun bütün siyasi karyerası ərzində ən aşağı həddə enib. Bu barədə Reuters və Ipsos-un birgə keçirdiyi sorğunun nəticələri göstərir.

Sherg.az xəbər verir ki, araşdırmaya əsasən, respondentlərin yalnız 33 faizi ABŞ liderinin fəaliyyətini müsbət qiymətləndirir. Bu göstərici artıq üçüncü sorğudur ki, dəyişməz olaraq qalır. Müqayisə üçün, Trampın sələfi Co Baydenin ən aşağı reytinqi 2024-cü ilin oktyabrında 35 faiz təşkil edib.

Trampın hazırkı prezidentlik müddətinin əvvəlində onun fəaliyyətini amerikalıların 47 faizi dəstəkləyirdi. Lakin İranla münaqişə və prezidentin iqtisadi siyasətindən artan narazılıq onun dəstəyinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Bundan əvvəl Bloomberg yazıb ki, Respublikaçılar Partiyasının strateqləri Yaxın Şərqdə uzanan münaqişədən narahatdırlar və noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində öz yerlərini itirməkdən ehtiyat edirlər.

Materialda vurğulanır ki, ABŞ cəmiyyəti İranla uzanan münaqişədən getdikcə daha çox yorulur. Trampa qiymət artımının qarşısının alınacağına və xarici müharibələrə müdaxilədən imtina ediləcəyinə ümid edərək səs verən seçicilər hazırda özlərini ruhdan düşmüş hiss edirlər.

ABŞ vətəndaşları arasında İran kampaniyasına qarşı şübhələr ilk günlərdən mövcud olub. Lakin ictimai əhval-ruhiyyədə dönüş bir sıra güclü hava zərbələrinin Tehranın müqavimətini qıra bilməməsindən sonra baş verib. Enerji bazarında yaranan problemlər vəziyyəti daha da ağırlaşdırıb, nəticədə yanacağın qiyməti kəskin artıb və inflyasiya sürətlənib.

Baş verən hadisələr fonunda sosioloji sorğular həm şəxsən Trampa, həm də bütövlükdə Respublikaçılar Partiyasına olan etimadın davamlı şəkildə azaldığını göstərir.