Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır - Natiq Cəfərli

  • Ermənistanın sabiq prezidentinin azadlığı dəmir yollarının QAYTARILMASI ilə dəyişdirilə bilər

Son dövrlər Rusiya və Ermənistan arasında kəskinləşən gərginliyin əsas səbəblərindən biri dəmir yolları ilə bağlı fikir ayrılığıdır. Ermənistanın sabiq prezidenti və “Ermənistan” blokunun lideri Robert Köçaryanın həbsindən sonra İrəvana məxsus dəmir yollarının hüquqi statusu əsas müzakirə mövzusuna çevrilib. Çünki dəmir yollarının idarəçiliyinin Rusiyaya ötürülməsində Robert Köçəryan əli var.

2008-ci ildə Köçəryanın prezidentliyi dövründə Ermənistanın dəmir yolu infrastrukturu borc qarşılığında Rusiyaya verilib. Baş nazir Nikol Paşinyan dəfələrlə ölkənin dəmir yollarının idarəçiliyinin Rusiyadan geri alınması ilə bağlı bəyanatlar verib. Paşinyan xəbərdarlıq edib ki, əgər bu məsələ Moskva ilə qarşılıqlı anlaşma şəraitində həll olunmazsa, beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Rusiyanın dəmir yolu şəbəkəsinə vəsait ayırmaq istəmədiyini açıqlayıb. Mirzoyan Moskvaya konsessiya idarəetmə hüququnu üçüncü tərəfə satmağı təklif edib. İrəvanın əsas şərti odur ki, bu hüquq hər iki ölkə ilə sıx əlaqələrə malik neytral tərəfdaşa xüsusilə Qazaxıstana həvalə olunsun.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Sherg.az-a bildirib ki, Köçaryanın həbsi dəmir yollarının Ermənistana qaytarılmasına xidmət edə bilər:

"Vaxtilə “Mən Sürət Hüseynov deyiləm ki, torpaqları satam” deyən Köçəryanın yığılmış borcların əvəzində dəmir yollarını Rusiyaya verməsi əsl satqının məhz onun olduğunu sübut edir. Hazırda Ermənistan dəmir yollarının 100% Rusiyaya məxsusdur. Şəbəkənin “Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC-yə verilməsinə dair konsessiya müqaviləsi 2038-ci ilə qədər qüvvədədir. Sənədi şəxsən Köçəryan imzalasa da, öhdəlik birbaşa Ermənistan dövlətinin üzərinə düşür. Söhbət fərdlərin siyasi qərarlarından getmir. Ortada Ermənistan dövlətinin daşıdığı hüquqi məsuliyyət var. Paşinyan da bu öhdəliklərdən canını qurtarmağa çalışır. İrəvan fəaliyyətsiz qalan dəmir yolu xətlərinin bərpası üçün idarəçi tərəf qismində Rusiyanı MDB məkanından neytral tərəfdaşla, xüsusilə Qazaxıstanla əvəz etməkdə maraqlıdır”. 

Ekspertin sözlərinə görə, Köçəryanın azadlığı dəmir yollarının idarəetmə hüququnun geri alınması qarşılığında bir növ siyasi mübadilə funksiyasını yerinə yetirəcək:

“Paşinyan höküməti onun Rusiya üçün önəmli adam olduğunu anlayır. Hətta Putin Köçaryana yazdığı məktubda onu dözümlü olmağa çağırıb. Bu da sətiraltı siyasi mesajdır. Rusiya ilə aparılan danışıqlarda Köçəryanın azadlığa buraxılması müqabilində Ermənistan dəmir yollarının idarəetməsindən imtina olunması məsələsinin də müzakirə mövzusu olacağı istisna edilmir. Ermənistan bunu çox istəyir. Çünki Rusiyanın dəmir yolu xətlərinə sahib olması müxtəlif beynəlxalq və regional layihələrin həyata keçirilməsinə maneçilik yaradır. Məsələn, Zəngəzur dəhlizinin reallaşması istiqamətində süni maneələrin yaradılmasına cəhd göstərilir. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında Qazax istiqamətindən keçəcək birbaşa dəmir yolunun bərpası məsələsi də həllini tapmır. Çünki Rusiya tərəfi bu marşrutun istismarına imkan yaratmaqda maraqlı deyil. Yaxın aylarda bu istiqamətdə müvafiq qərarların qəbul ediləcəyinə şahid olacağıq”.