Rusiyanın əsas hədəfi hakim partiyanın parlament seçkilərindəki səs faizini aşağı salmaqla, Paşinyanın təkbaşına hökumət qurmaq imkanını əlindən almaqdı
Rusiya və Ermənistan arasındakı çoxəsrlik geosiyasi tellər hər keçən saat bir az da qopur. İrəvanın Avropa İttifaqına meyilli siyasəti Kreml dairələrinin etiraz ruhunu alovlandırıb. Artıq Avrasiya İqtisadi Birliyinə (AAİB) daxil olan digər ölkələr də Nikol Paşinyanı Aİ və AAİB arasında seçim etməyə məcbur edir.
Bunun bariz nümunəsi, mayın 29-da Astanada AAİB ölkələrinin Ermənistanın Qərb ilə yaxınlaşma kursuna dair imzaladıqları birgə bəyanatdır. Rusiya artıq mərhələli şəkildə Ermənistandan gələn məhsullara məhdudiyyətlər qoymağa başlayıb. Bu gün Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Paşinyan Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda, telefon danışığı aparacaqlar. “Azatutyun”un yaydığı məlumata görə Aİ İrəvana maliyyə yardımı göstərməyə hazırlaşır.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Ermənistan hazırda Qərb və Rusiya arasında gedən qlobal geosiyasi rəqabətin ən qaynar nöqtələrindən biridir:
“Rusiyanın mövqeyinə görə Qərb Ermənistana dəstək bəhanəsi ilə regional maraqlarını təmin etmək və İrəvandan Rusiyaya qarşı geosiyasi alət kimi istifadə etmək niyyətindədir. Əslində Avropa İttifaqı və Rusiyanın Ermənistanla bağlı strategiyaları mahiyyətcə eyni geosiyasi məntiqə söykənir. İki güc mərkəzi də, Ermənistanda öz mövqelərini möhkəmləndirməklə, bu ölkədən üçüncü tərəfə zərbə vurmağı hədəfləyib. Faktiki olaraq, Ermənistan iki tərəfin geosiyasi mübarizə poliqonuna çevrilib. Aİ açıq şəkildə Rusiyadan gələn mümkün təhlükə və təhdidlərə qarşı Ermənistana xüsusi missiya göndərdi. Bu addım Moskvaya Paşinyanın artıq Aİ-nin təhlükəsizlik çətiri altında qorunduğuna dair mesaj ötürür”.
Politoloqun sözlərinə görə Rusiya Aİ-nin təhlükəsizlik çətirinə cavab olaraq, Ermənistana qarşı iqtisadi təzyiq mexanizmlərini işə salıb:
“Moskva iqtisadi rıçaqları işə salmaqla, Paşinyanın yenidən seçiləcəyi təqdirdə, erməni xalqının ağır sosial-iqtisadi problemlərlə üzbəüz qalacağını göstərməyə çalışır. Kreml hazırki məqamda Paşinyanı hakimiyyətdən kənarlaşdırmağın asan olmayacağını dərk edir. Ona görə də diqqətlərini iki plan üzrə qurublar. Moskvanın əsas hədəfi hakim partiyanın parlament seçkilərindəki səs faizini aşağı salmaqla, Paşinyanın təkbaşına hökumət qurmaq imkanını əlindən almaqdır. Planın ikinci mərhələsi isə revanşist qüvvələrin parlamentə daxil olmasını təmin etmək və Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaqdır”.
A.Nərimanlı qeyd edib ki, Ermənistan həmişə Avrasiya İqtisadi İttifaqından və Rusiyanın iqtisadi dəstəyindən asılı olub:
“Paşinyan hökuməti Moskva ilə mübarizə aparmaq üçün alternativ bazarlar tapmağa məhkumdur. Hazırda Rusiya seçkilər ərəfəsində Paşinyan hökumətinə və Ermənistan cəmiyyətinə təzyiq göstərmək məqsədilə bazarları İrəvanın üzünə bağlayır. İxrac imkanlarını itirən erməni biznesmenləri, iqtisadi böhranın günahını Paşinyan hökumətində görəcək. Paşinyan həm yerli biznes mühitinin, həm də geniş xalq kütləsinin dəstəyini qoruyub saxlamaq məqsədilə, Ermənistanın Avropa bazarlarına çıxışını təmin etməyə çalışır”.
Politoloqun fikrincə, Avropa Komissiyasının prezidenti, Paşinyanla yeni maliyyə yarıdımı barədə müzakirələr aparacaq:
“Aİ-nin dəstəyi Ermənistanın Avrasiya İqtisadi İttifaqından əldə etdiyi mənfəətləri tamamilə kompensasiya etməsə də, bu proses yerli biznes dairələrində, Paşinyanın alternativ iqtisadi model formalaşdıra biləcəyinə dair ümidləri artıracaq. Aİ Moldova və Ukrayna üçün yaratdığı iqtisadi-siyasi imkanları, Ermənistana da tətbiq etmək potensialına malikdir. Ermənistan Avropa bazarlarına güzəştli şərtlərlə çıxış əldə etməklə, Rusiyanın asılılığından tam xilas ola bilər. Bir sözlə, mövcud situasiyada Moskvanın atdığı addımlar birbaşa seçkilərə hesablanmış geosiyasi mübarizənin tərkib hissəsidir”.