Kuşner Ukrayna, Rusiya və ABŞ-nin danışıqlarında məhsuldar dialoqa ümid edir

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Cared Kuşner Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında keçirilən üçtərəfli danışıqlar zamanı məhsuldar dialoqa ümid edir.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, o, bunu danışıqlar başlamazdan əvvəl bildirib.

"Düşünürəm ki, bizim çox məhsuldar bir-iki günümüz olacaq", - o deyib.

Kuşner qeyd edib ki, iştirakçılarda çox güclü emosiyalar var: "Bu gün buraya gəlmək üçün cəsarət lazımdır. Bilirəm ki, bununla bağlı hər iki tərəfdə - Avropada, Ukraynada, Rusiyada çox güclü emosiyalar var, lakin mən həqiqətən də bu gün buraya gələrək hər kəsin nümayiş etdirdiyi cəsarəti və liderliyi qiymətləndirirəm".

Onun sözlərinə görə, Əbu-Dabidə müzakirə olunacaq bir çox ideyalar ABŞ tərəfindən avropalı tərəfdaşlar və Ukrayna ilə birlikdə hazırlanıb.

C.Kuşner vurğulayıb ki, ABŞ Rusiya və Ukrayna arasındakı fikir ayrılıqlarını aradan qaldırmağın yollarını tapıb: "Düşünürəm ki, biz irəliləyiş əldə edilə biləcək məsələlərlə bağlı fikir ayrılıqlarını həqiqətən də müəyyən edib azalda bildik və onları necə aradan qaldıracağımıza dair yaxşı ideyalarımız var".

O əlavə edib ki, danışıqlar yeni ümumi təhlükəsizlik sisteminin yaradılmasına gətirib çıxara bilər: "Ümid edirik ki, əsrlər boyu olmasa da, onilliklər boyu bizə sülh təmin edəcək yeni əsaslar yaradacağıq. Ümid edirik ki, bu, sonuncu müharibə olacaq".