“Leyla xanım Əliyevanı dünyada sevdirən onun ürəyidir” - Millət vəkili

Leyla xanım Əliyeva Azərbaycan cəmiyyətində ictimai və humanitar sahədə fəaliyyəti ilə tanınan şəxslərdən biridir. O, Heydər Əliyev Fondunun vitse-prezidenti kimi sosialyönümlü layihələrin icrasında, humanitar təşəbbüslərin dəstəklənməsində və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasında iştirak edir. Fondun həyata keçirdiyi proqramlar əsasən təhsil, səhiyyə, sosial müdafiə və mədəni-humanitar sahələri əhatə edir.

Leyla xanım Əliyevanın fəaliyyəti yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq platformalarda da diqqət çəkir. 

Millət vəkili Tənzilə Rüstəmxanlı Sherg.az-a Leyla xanımın ictimai xadim, xeyriyyəçi və humanitar sahələrə xüsusi önəm verən bir şəxs olduğunu söyləyib:

"Yardıma ehtiyacı olan insanların, xüsusilə də uşaqların taleyində Heydər Əliyev Fondunun çox önəmli yeri var. Fondun əsasını Birinci vitse-prezidentimiz Mehriban xanım qoyub və ona rəhbərlik edir. Bu fond böyük layihələr həyata keçirir. Fondun vitse-prezidenti Leyla xanım Əliyeva da bu işi uğurla davam etdirir.

Tale elə gətirdi ki, dekabr ayının 8-də biz Türkmənistanda səfərdə olduq. Mən parlamentdə Türkmənistanla Dostluq Qrupunun rəhbəri olduğum üçün həmin səfərdə iştirak edirdim. Elə həmin günlərdə Leyla xanımın da Türkmənistana səfəri oldu. O, Qurbanqulu Berdiməhəmmədovun qızı ilə birlikdə tədbirdə iştirak edirdi. O da rəhbərlik etdiyi fondun vitse-prezidentidir. Bu səfər çərçivəsində əməkdaşlıq haqqında sazişin imzalanması, qarşılıqlı əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı tədbir keçirilirdi. Tədbirin əsas mövzusu qadınlar və qadın hüquqları idi. Dünyanın bir çox ölkələrindən, xüsusilə türkdilli dövlətlərdən qadınlar iştirak edirdilər. Əsas məqsəd yardıma ehtiyacı olan uşaqlara dəstək göstərmək və onları himayə etmək idi. Mən orada Leyla xanımın təvazökarlığının, sadəliyinin və insani münasibətlərinin canlı şahidi oldum. Azərbaycan nümayəndə heyəti olaraq komitə sədri Hicran Hüseynova, Milli Məclisin Qadınlar Komitəsinin sədri Bahar Muradova ilə birlikdə iştirak edirdik. Prezidentin köməkçisi Anar Ələkbərov da heyətdə idi. Leyla xanımı orada çox sevdiklərini açıq-aydın gördüm. Hər kəs ona böyük hörmət və isti münasibət bəsləyirdi. Azərbaycan nümayəndə heyətinə də xüsusi diqqət göstərirdi. Orada milli ənənələrin nümayiş etdirildiyi gözəl çadırlar qurulub, milli yeməklər, əl işləri sərgilənirdi". 

Deputat qeyd edib ki, Leyla xanımın insanları öz çadırına dəvət etməsi, hər kəslə səmimi davranışı onun insanlara olan münasibətinin nə qədər yüksək səviyyədə olduğunu göstərirdi: "Biz illərdir bunu görürük və bu məni çox sevindirir.

O, millətimizin bir övladıdır. Onun uğurları, insanlara baxışı, sadəliyi, Azərbaycanın rayonlarına səfərləri, insanlarla görüşləri, yardıma ehtiyacı olan uşaqlara göstərdiyi qayğı təsadüfi deyil. Bunların kökündə Leyla xanımın sinəsində döyünən, şair ürəyi dayanır. O, gözəl şeirlərin müəllifidir. Sevgi dolu bir qəlbi var. O qəlbi saf saxlayıb Allah ocağına çevirdiyi üçün, oradan doğan misralar da sevgi və gözəlliklə doludur. Qəlbi gözəl olan insanın münasibəti də gözəl olur.

Mən bunu ona görə deyirəm ki, Sabir Rüstəmxanlının da ürəyindən gələn şeirləri və insanlara münasibətini yaxşı tanıyıram. Bir daha Leyla xanıma uğurlar arzulayıram, onu alqışlayıram. Bu xeyriyyə və xeyirxah əməllərin daim davamlı olmasını, yeni təqvim ilində yeni uğurların başlanğıcına və gözəl nəticələrlə yadda qalacaq böyük layihələrə imza atmasını arzu edirəm".