Marketlərin “oyunu” - Eyni firmanın malı fərqli qiymətə təklif edilir - AKTUAL
Fidan Həmişəyeva
14:11 13.02.2020
Gündəm
1389
Ölkəmizdəki marketlərdə eyni firmaya məxsus məhsul alıcılara fərqli qiymətə təklif edilir. Yəqin ki, çoxlarımız müxtəlif marketlərdə bunun şahidi olmuşuq. Xüsusilə də böyük marketlər şəbəkəsində eyni məhsullar arasında 50 qəpik, hətta bir manata qədər fərq olduğu müşahidə edilir. Əslində, bu qədər fərqin olması böyük alıcı kütləsinin narazılığına səbəb olmurdu. Lakin “Araz” marketlər şəbəkəsindəki qiymət fərqi nəzərəçarpan dərəcədədir.
Məhsulların bir əldən paylandığını düşünəndə, insanda belə bir təəssürat yaranır ki, məhsulun qiyməti bütün marketlərdə eyni qiymətə satılmalıdır.Yeni Günəşli qəsəbəsi V massivində yerləşən “Araz” marketdə 5 kiloluq “Ariel” yuyucu tozu 14.99 AZN olduğu halda, həmin məhsul eyni massivdəki “Xəzər” marketdə 12.48 AZN təşkil edir. Bundan başqa, “Xəzər” marketdə “Colgate Herbal” diş pastası 1.84 AZN, “Araz” marketdə isə 2.99 AZN-dir.
İqtisadçı-ekspert Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirib ki, hər bir məhsulun istifadə müddəti var. Bəzi hallarda elə məqamlar olur ki, istifadə müddətinin bitməsinə az qalanda məhsulu aşağı qiymətə satırlar.
İqtisadçının sözlərinə görə, marketlərdə eyni məhsulun fərqli qiymətlərlə təklif edilməsində qanun pozuntusu yoxdur:
“Araz” marketdəki qiymət fərqliliyinə gəlincə, bu mağazada ticarətin digər növündən istifadə edirlər. Məsələn, 50 manatdan çox alış-veriş edənlərə yuyucu tozunu maya dəyərinə verirlər. Həmçinin elə marketlər var ki, baxmayaraq ticarət obyektidir, eyni zamanda respublikaya mal idxal edirlər. Məsələn, spirtli içkilər. Həmin marketlərdə görürük ki, spirtli içkilərin qiyməti digər marketlərdən fərqlənir. Bütün bunlar marketin holding kimi fəaliyyət göstərməsi ilə bağlıdır. Yəni, şirkətin bir qolu idxal edir, digəri isə topdan və ya pərakəndə satışla məşğul olur. Bunların hər biri ticarət fəndləridir. Təəssüf ki, müştərilər bəzi hallarda qiymətlər arasındakı fərqi başa düşmürlər. Amma bu fərqlər qeyd etdiyim ticarət fəndlərinin istifadəsindən əmələ gəlir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, hazırda bazarda anormal vəziyyət hökm sürür:
“Demək olar ki, hər gün istehlakçılar qiymətlərin bu vəziyyətindən şikayət üçün bizim birliyə zəng vururlar. Təbii ki, azad bazar iqtisadiyyatıdır, vergiləri vaxtında və tam həcmdə ödəmək şərti ilə kim nəyi neçəyə istəsə, həmin qiymətə də sata bilər. Heç kim buna mane ola bilməz. Lakin ölkəmizdə olan liberal bazar iqtisadiyyatından, həmçinin biznesmenlərə yaradılmış rahat şəraitdən sui-istifadə edib, istehlakçıların hüquqlarını pozanlar var. Bəzi satış müəssisələri brend malları imitasiya edib, üzərinə etiket vurmaqla və ya həmin məhsulu ölkəyə qaçaqmal yolu ilə gətirərək aşağı qiymətə satırlar. Əslində, bu həm istehlakçı, həm də istehsalçı hüquqlarının pozulmasıdır. Son dövrlər bu hal xüsusilə də kosmetika məhsullarında müşahidə olunur. Təsəvvür edin, bir firma heç bir qanuna uymadan, vergi vermədən, sənədsiz şəkildə həmin malların satışı ilə məşğul olur və bazarda haqsız rəqabət yaradır”.
E.Hüseynov qeyd edib ki, Azərbaycan bazarının bütün seqmentlərində bu problem var:
"Lakin bunu da vurğulamaq istəyirəm ki, bahalı mal heç də keyfiyyətli məhsul demək deyil. Hətta bəzən bahalı brendlərdə belə saxta, keyfiyyət göstəricisi aşağı olan məhsullar ola bilər. Azad İstehlakçılar Birliyi vətəndaşların ucuz və keyfiyyətli mal almaları üçün çalışır. Və bunun üçün bəzi keyfiyyətsiz malların bazardan çıxarılması istiqamətində bir sıra işlər görür. Vətəndaşlara məsləhət görərdim ki, məhsul alarkən satış müəssisəsindən məhsulun sertifikatını soruşsunlar. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, alıcıların malın bütün sənədlərini soruşmaq, bu haqda məlumat əldə etmək hüququ var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial