"Maskat təmasları sülh deyil, böhranı idarəetmə strategiyasıdır" - Fatih Erarslanın "Şərq"ə MÜSAHİBƏSİ

"Türkiyə masadan kənarda qalsa da, regionun taleyini hələ də formalaşdırır"

ABŞ ilə İran arasında Omanın paytaxtı Maskatda keçirilən son təmaslar regional və beynəlxalq gündəmdə diqqətlə izlənilir. Görüşlər fonunda əsas müzakirə mövzusu bu prosesin Yaxın Şərqdə mövcud gərginliklərə necə təsir göstərəcəyi və regional təhlükəsizlik dinamiklərində hansı dəyişikliklərə yol aça biləcəyidir. Rəsmi açıqlamalar məhdud olsa da, danışıqların formatı və məkanı prosesin xarakterinə dair müəyyən ipucları verir.

Siyasi elmlər doktoru, türk akademik Fatih Erarslan mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Maskat təmasları müharibədən sonrakı dövrdür, yoxsa yeni qarşıdurma mərhələsidir?

-ABŞ-İran münasibətlərində Maskatda başlayan yeni təmaslar müharibənin başa çatdığı dönüş nöqtəsi deyil. Bunu regional münaqişə dinamiklərinin forma dəyişdirdiyi yeni mərhələyə keçid kimi qiymətləndirməliyik. Göstəricilər tammiqyaslı müharibə riskinin əhəmiyyətli dərəcədə nəzarət altına alındığını, lakin bunun əvəzində daha geniş, sistemli və dolayı qarşıdurma formalarına keçidin başladığını göstərir. Bu kontekstdə Oman paytaxtında keçirilən görüşlər genişmiqyaslı sülh konfransı xarakteri daşımır. Əksinə, bu görüşlər böhranı idarəolunan hədlər daxilində saxlamağı hədəfləyən məhdud təhlükəsizlik çərçivəsinə giriş kimi qiymətləndirilir. Bu görüş münaqişəni aradan qaldırmaq cəhdi deyildi, onun parametrlərini yenidən müəyyənləşdirmək təşəbbüsü idi.

-Bəs bu görüşlər niyə Ankarada deyil, Maskatda keçirildi?

-Türkiyə diqqət çəkən ikili mövqedə dayanır. ABŞ-İran nüvə dosyesinin bu mərhələsində Türkiyə rəsmi danışıqlar masasında yer almır. Proses şüurlu şəkildə dar və texniki formatda aparılır. Bununla belə, ilkin mərhələdə görüşlərin keçirilə biləcəyi müxtəlif regional məkanlar müzakirə edilərkən Türkiyənin də adı çəkildi. Bu, Ankaranın diplomatik potensialının tam şəkildə kənarda saxlanmadığını, sadəcə format seçimi nəticəsində Omanın üstün tutulduğunu göstərir. Buna baxmayaraq, Türkiyə regional böhranların mühüm hissəsində vasitəçilik, böhranların idarə olunması və gündəm formalaşdırma qabiliyyətini qoruyan aktor kimi ön plana çıxır. Coğrafi mövqeyi, çoxşaxəli xarici siyasət şəbəkələri və əvvəlki böhran dosyalarında həyata keçirdiyi asanlaşdırıcı təşəbbüslər sayəsində Türkiyə yüksək vasitəçilik potensialını qoruyub saxlayır. Maskat prosesi kontekstində isə format seçimi və regional rəqabət dinamikləri səbəbindən bu mərhələdə prosesin birbaşa iştirakçısı deyil. Bu vəziyyət qalıcı kənarda qalma deyil, konkret formatla məhdudlaşan konyoktura xarakterli seçimdir.

-Maskat prosesi nəyi hədəfləyir?

-Omanın paytaxtı Maskatda aparılan təmasların mərkəzində İranın nüvə proqramı dayanır. Zənginləşdirmə səviyyələri, nəzarət mexanizmlərinin yenilənməsi və nüvə fəaliyyətlərinin şəffaflığı ilə bağlı texniki məsələlər danışıqların əsas mövzuları sırasında yer alır. ABŞ-nin ümumi siyasət prioritetləri arasında İranın ballistik raket potensialının və regional proksi qüvvələrinin məhdudlaşdırılması da mövcuddur. Lakin bu mövzuların cari mərhələdə rəsmi gündəmdə nə dərəcədə yer aldığı məhdud və mübahisəli məlumatlar əsasında izlənə bilər. İran isə suverenlik və çəkindirmə vurğusu ilə bu tələbləri öz təhlükəsizlik memarlığına yönəlmiş təzyiq kimi qiymətləndirir. O, güzəşt imkanlarını dar çərçivədə saxlamağa çalışır.

-Fatih bəy, hazırda real razılaşmadan danışmaq mümkündürmü?

-Hazırkı mərhələdə hüquqi baxımdan bağlayıcı bir razılaşmanın formalaşdığını demək tezdir. Bununla belə, diplomatik baxımdan artıq mühüm nəticələr müşahidə olunur. Tərəflər arasında kommunikasiya kanallarının yenidən işlək hala gəlməsi eskalasiya riskini azaldır. Texniki danışıqlar çərçivəsinin yenilənməsi mümkün razılaşmalar üçün zəmin yaradır. Sərt ritorika davam etsə də, dialoq qapısının açıq saxlanılması prosesin qopma deyil, nəzarətli gərginlik idarəçiliyi məntiqi ilə irəlilədiyini göstərir. Bu səbəbdən Maskat təmaslarını razılaşma prosesindən çox, münaqişə idarəetmə infrastrukturunun yenidən qurulması kimi dəyərləndirmək daha rasionaldır. Danışıqların diqqətçəkən tərəfi məzmunundan çox, formatıdır. Geniş iştiraklı masa əvəzinə dar və texniki kanalın seçilməsi, regional miqyaslı uzlaşmadan daha çox məhdud nüvə razılaşması ehtimalının ön planda olduğunu göstərir. Proses bu baxımdan böhranı həll etməkdən çox, onu idarəolunan formada yenidən dizayn etmə strategiyasına uyğundur.

-Müharibə bitdimi?

-Təhlükəsizlik prizmasından cavab aydındır: xeyr. Regional münaqişə dinamikləri sona çatmayıb. Sadəcə miqyas və istifadə olunan alətlər dəyişib. Qəzza xəttində kövrək tarazlıq mövcuddur. Livan cəbhəsində aşağı intensivlikli gərginlik davam edir. Qırmızı dəniz ətrafındakı dəniz yollarında ticarəti təsir edən təhlükəsizlik riskləri qalmaqdadır. Bu tablo beynəlxalq münasibətlər ədəbiyyatında proksi müharibələrinin institusionallaşmasına işarə edən nümunə kimi oxuna bilər. Dövlətlər getdikcə birbaşa müharibə əvəzinə dolayı rəqabət sahələrinə üstünlük verirlər. Bu səbəbdən məhdud nüvə razılaşması sahədəki bütün gərginlikləri aradan qaldırmayacaq. Çünki münaqişənin mənbələri təkcə nüvə dosyesi ilə məhdudlaşmır.

-Omanın bu proseslərdə rolu nədən ibarətdir?

-Oman uzun illərdir aşağı profilli diplomatik təmaslar üçün etibarlı platforma rolunu oynayır. Maskatda aparılan görüşlərdə yüksək görünən diplomatiya əvəzinə səssiz və elastik təmas üsulu seçilir. Bu yanaşma tərəflərə ictimai rəy təzyiqindən uzaq manevr imkanı yaradır və “qırmızı xətlərin” sınaqdan keçirilməsinə şərait yaradır. Lakin bu format regional aktorların görünürlüyünü azaldır. Türkiyə kimi güclərin birbaşa masada yer almaması təmsilçilik müzakirələrini gündəmə gətirə bilir. Bu səbəbdən Türkiyənin çoxtərəfli platforma qurma qabiliyyətini və müxtəlif aktorlarla eyni anda dialoq aparma mövqeyini aktual saxlaması xüsusi əhəmiyyət daşıyır.

-Türkiyə niyə bu mərhələdə masadan kənardadır?

-Bu vəziyyəti üç əsas amil izah edir: ABŞ-nin dar format seçimi, İranın tarixi rəqabət prizmasından Türkiyəyə baxışı və mövcud regional konyoktura. Türkiyənin NATO üzvlüyü və sahədə aktiv rolu bəzi aktorların gözündə onun neytral dövlət kimi qavranılmasını məhdudlaşdırır. Bununla belə, bu mənzərə Türkiyənin vasitəçilik qabiliyyətinin zəiflədiyi anlamına gəlmir. Türkiyə son on ildə müxtəlif böhran dosyalarında həyata keçirdiyi asanlaşdırıcı təşəbbüslər, taxıl dəhlizi razılaşması və əsir mübadiləsi prosesləri kimi nümunələrlə bu potensialı konkret şəkildə nümayiş etdirib. Buna görə də Maskat mərhələsində formal olaraq yer almamaq, onun ümumi böhran idarəetmə tənliyindəki əhəmiyyətini aradan qaldırmır.

-Regional gərginlik ticarət üçün risk yaradırmı?

-Qırmızı dəniz və Süveyş xəttindəki risklər qlobal ticarətə birbaşa təsir göstərir. Yük daşıma xərclərinin artması və marşrutların dəyişdirilməsi Türkiyə üçün həm risk, həm də fürsətlər yaradır. Enerji qiymətlərindəki oynaq vəziyyət həssaslıq yaratsa da, alternativ quru və dəmir yolu xətlərinin önə çıxması rəsmi Ankaranın tranzit rolunu gücləndirə bilər. İranın enerji bazarlarına mümkün qayıdışı da Türkiyəyə birbaşa təsir edəcək mövzular sırasındadır. Bu səbəbdən təhlükəsizlik və iqtisadi siyasətlərin inteqrasiyalı şəkildə planlaşdırılması kritik əhəmiyyət daşıyır.

-Ümumi olaraq Maskat təmaslarını necə qiymətləndirərdiniz?

-Maskatda aparılan təmaslar təkcə texniki danışıqlar başlıqları ilə məhdudlaşmır. Eyni zamanda regional güc balanslarının istiqamətinə dair erkən siqnallar verir. Türkiyə bu prosesin rəsmi tərəfi olmaya bilər. Lakin nəticələrindən birbaşa təsirlənəcək əsas aktorlardan biridir. Buna görə də əsas məsələ masaya dəvət olunmaq deyil, növbəti böhran memarlığında qurucu aktorlardan biri ola biləcək potensialı necə möhkəmləndirməkdir. Yaxın Şərqdə böhranlar çox zaman tək bir masa arxasında həll olunmur. İstiqamət, miqyas dəyişir və davamlılıq diqqət mərkəzində olur.

Türkiyənin strateji hədəfi yalnız masaya çağırılan deyil, yeni masaların qurulmasını mümkün edən aktorlardan biri olmaqdır. Yaxın Şərqdə formalaşan yeni proseslərdə rəsmi Ankaranın masanın əsas elementlərindən biri kimi qəbul edilməsi qaçılmazdır.