Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert

Birləşmiş Ərəb Əmirlikləri son dövrlərdə regional və beynəlxalq sülh proseslərində mühüm rol oynamaqda davam edir. Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar keçiriləcək. “RİA Novosti” agentliyinin məlumatına görə, danışıqlar qapalı rejimdə keçiriləcək və mətbuat nümayəndələri dəvət olunmayacaq. Qeyd olunub ki, Qərb bu görüşün konstruktiv və ümidverici olacağına ümid edir.

Politoloq Hüseyn İbrahimov Sherg.az-a açıqlamasında əvvəl də bu formatda görüşün planlaşdırıldığını, lakin baş tutmadığını deyib:

"Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə Rusiya və Qərb arasında münaqişənin tənzimlənməsi və sülhün təmin olunması ilə bağlı görüşün keçirilməsi nəzərdə tutuldu. Ancaq bir müddət sonra bu görüşlə bağlı fikirlər dəyişdi. Görüşün təxirə salınması məsələsi gündəmə gəldi. Hətta bəzi mənbələrdə bu görüşün ümumiyyətlə baş tutmayacağı bildirilirdi.

Lakin indi bu məsələlərin reallaşması istiqamətində proseslərin getdiyi görünür. Artıq Əbu - Dabinin bir çox tərəflərin münasibətlərinin və məsələlərinin tənzimlənməsi üçün həlledici məkan rolunu oynadığı aydındır".

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Sülh Mükafatına layiq görülməsi də Birləşmiş Ərəb Əmirliklərinin sülh məsələlərinə dəstək verən ölkə olduğunu göstərir:

"Sülh sənədlərinin imzalanmasında bu ölkənin mövqeyi və rolu çox böyükdür. Bir çox mənbələr bildirir ki, danışıqlar qapalı rejimdə keçiriləcək və media nümayəndələri dəvət olunmayacaq. Lakin dünya təcrübəsi göstərir ki, media nümayəndələrinin iştirak etməməsi və danışıqların qapalı müstəvidə aparılması onu göstərir ki, proses siyasi ritorikadan hüquqi mərhələyə keçmək üzrədir.

Hələ tam sülh və razılaşmadan danışmaq mümkün olmasa da, siyasi ritorika mərhələsindən hüquqi mərhələyə keçid prosesi artıq başlayıb. Bu baxımdan, baş tutacaq görüşün konstruktiv mahiyyət daşıyacağına ümidlər artır. Keçiriləcək görüş gələcəkdə daha ciddi münasibətlərin, sülh və razılaşmaların əsası ola bilər".