Məhşur adam olduğuma görə ortaya Epşteyn iddiaları atırlar - Elmar Məmmədyarov

"Mən Ziya müəllimin yerinə danışa bilmərəm. Məsələ ilə bağlı onun özündən soruşa bilərsiniz"

Son günlər beynəlxalq gündəmi qan donduran “Epşteyn” qalmaqalı zəbt edib. ABŞ hökumətinin cinsi cinayətkar Ceffri Epşteynlə bağlı apardığı istintaq çərçivəsində milyonlarla yeni sənəd yayımlanıb. Sənədlər, dünyaca məşhur və nüfuzlu şəxslərin Epşteynlə əlaqələrini üzə çıxarıb. Yayılan materiallardan birində ABŞ Konqres üzvlərinin Bakıya səfərindən bəhs olunub. Məlumata görə, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sponsorluğu ilə baş tutan görüşdə, o vaxtkı xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Məsələyə aydınlıq gətirmək üçün Sherg.az sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb:

- Haqqınızda səsləndirilən fikirlərə münasibətiniz necədir ?

- Xarici işlər nazirinin vəzifələrindən biri ondan ibarətdir ki, yüksək səviyyəli siyasi xadimlər ölkəyə gəldikdə onları qəbul etsin. Bu cür görüşlərdə Azərbaycanın xarici siyasət mövqeləri qarşı tərəfə çatdırılır. Mən özüm minlərlə belə görüş keçirmişəm. Sizin dediyiniz görüşün baş tutub-tutmadığını dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyinin rəsmi saytına və ya həmin dövrdə fəaliyyət göstərmiş mətbuat katiblərinə müraciət edə bilərsiniz.

- Nazir olduğunuz dönəmdə, Ceffri Epşteynlə üz-üzə görüşmüsünüz?

- Yox, mən heç Epfşteynin üzünü belə görməmişəm. Hətta onunla bağlı məlumatları və 2014-cü ildə Bakıya gəldiyini siz, jurnalistlərdən öyrənmişəm. Bununla bağlı mənim heç xəbərim də yox idi.

- Niyə məhz sizə qarşı bu cür fikirlər səsləndirilir?

- Yəqin ki, məhşur adam olduğuma görə ortaya belə iddialar atırlar. Elmar Məmmədyarov 6 ilə yaxındır ki, xarici işlər naziri vəzifəsindən çıxıb. Amma görürsüz, yenə də, adım bəzi yerlərdə hallanır.

- Bilirsiz, Epfşteynin ittiham olunduğu dönəmlər sizin nazir olduğunuz vaxta təsadüf edir?

- Bəlkə də haqqımda səsləndirilən fikirlər elə bununla əlaqədardır. 

- Bəs, Ziya Məmmədovun belə bir görüş təşkil etdiyinə inanırsınız?

- Mən Ziya müəllimin yerinə danışa bilmərəm. Məsələ ilə bağlı onun özündən soruşa bilərsiniz.

Aybəniz Səfərova