Güney azərbaycanlı fəal Məhsa Mehdili İrana buraxılmır
"Bu gün öyrəndim ki, anam iki ildir xərçəng müalicəsi alırmış və bunu ailəm məndən gizlədib. Dünyam başıma yıxıldı. Hər şey Allahdandır, təqdiri-ilahiyə bir söz deyə bilmərəm. Amma anamın yanında ola bilməmək ürəyimə dağ kimi oturdu. Əslində anamın yanında olmaq mənim haqqım yox, daha çox onun haqqı idi. İran rejimi buna icazə vermir".
Sherg.az xəbər verir ki, bunu Türkiyədə yaşayan Güney azərbaycanlı fəal və siyasi şərhçi Məhsa Mehdili sosial şəbəkəsində yazıb. Güneyli fəal İrana girişinin mədudlaşdırıldığını bildirib:
"Siyasi olaraq tənqid etdiyimiz, türklərin və azərbaycanlıların haqlarını müdafiə etdiyimiz üçün ölkəyə girə bilmirəm. Ailəm də daha çox üzülməyim deyə anamın vəziyyətini məndən gizlədib. Bilsəm də, bilməsəm də gedə bilmirəm.
Mən anamın tək qızıyam, ilk övladıyam. Anam otuz il müəllimlik edib, ali təhsilli, şüurlu, azərbaycanlı türkçü bir xanımdır. Onun ən çətin vaxtında qızının yanında ola bilməməsi ayrıca bir haqsızlıqdır.
Bu gün öyrənəndə anamla danışarkən içim partlayırdı. Boğula-boğula bu cümləni deyə bildim: “Ana, məni bağışla. Yanında ola bilmədim. Haqqını halal et.”
O da həmişəki o yumşaq səsi ilə dedi: “Haqqım sənə halal olsun. Haqqım millətimə də halal olsun.”
Dözə bilmədim, sındım, telefonu bağladım və danışa bilmədim. O həmişə belə idi… Heç vaxt unutmuram, ettelaat məni həbs edəndə onların üzünə “Mən aslan kimi bir qız böyütmüşəm!” deyə qışqırmışdı"".
M.Mehdili Türkiyədə də çətinliklərə üzləşdiyini deyib:
"Türkiyədə də bu qədər çətinliklərə baxmayaraq həyatımı daha da çətinləşdirənlər oldu daha da çətinləşdirənlər oldu. Ailəmin çiyinlərinə, qəlbinə yük qoyanlar oldu. Onları da Allaha şikayət edirəm.
Anamı yenidən zəng edib, ağlayaraq telefonu bağladığım üçün özümü toparlayıb dedim: “Ana, məndən ötrü narahat olma, olar? Sən yaxşı ol. Yaxşı insanlar var, narahat olma.”
Anam dedi: “Məhsa, səsin hər zaman ucalardan gəlsin, əsla sınma. Mən yaxşıyam. Allah mənim balamı darda qoymayanları darda qoymasın… Savalandan muğayat ol…”".