Mikaelyan: İndiyədək Rusiya nə deyibsə, onu etmişik

“Ermənistan bu günədək Rusiya nə diktə edibsə, onu edib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Sasun Mikaelyan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası barədə jurnalistlərə danışarkən deyib.

“2020-ci ildən bu günə qədər sərhədlərin delimitasiyasına nail olmaq üçün əlimizdən gələni edirik. Dövlət sərhədləri olmadan beynəlxalq səviyyədə müstəqil kimi tanınan bir dövlət ola bilərikmi? 35 ildir müstəqil olduğumuzu deyirik, bəs dövlət sərhədimiz varmı? Ötən illər ərzində başqa dövlət (Rusiya) nə diktə edibsə, onu etmişik.

Bu gün dövlət sərhədimiz varmı? Əsgərlərimiz delimitasiyanın aparılmalı olan yerdə dayanıblar. Bunu talançılıqla məşğul olmaq əvəzinə keçmiş hakimiyyətlər etməli idilər”, - Mikaelyan qeyd edib.

Deputat növbəti dəfə vurğulayıb ki, Ermənistanın 35 illik müstəqilliyi dövründə dövlət sərhədi olmayıb: “Tanrının izni ilə dövlət sərhədlərimiz olacaq və tamamilə müstəqil olacağıq”.