Moskva dövlət səviyyəsində insan alverinə yol verir - ŞƏRH

Azərbaycan diasporuna çağırış edildi, soydaşlarımızın həyatı indi beynəlxalq hüququn gözü qarşısında riskdədir

Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ildir ki, davam edir. Bu proses Rusiya ordusunun insan resurslarına yanaşmasını açıq şəkildə üzə çıxarıb. Hal-hazırda Moskva üçün əsas problemlərdən biri canlı qüvvə çatışmazlığıdır. Problemi aradan qaldırmaq məqsədilə Rusiyaya işləmək və vətəndaşlıq almaq üçün gedən miqrantlar risk qrupuna çevrilib. Xüsusilə, Mərkəzi Asiyadan gələn miqrantlar, üçün vətəndaşlıq prosesi son dərəcə mürəkkəbdir. Məhz bu kontekstdə Rusiya Dövlət Dumasının qanun layihəsinə, vətəndaşlıq əldə olunması üçün “Rusiya ordusunda hərbi xidmət keçmək” şərti əlavə edilib. “Kyiv Post” nəşrinin yazığına görə, Azərbaycan vətəndaşı Azər Əhmədovun hekayəsi sistemin mahiyyətini açıq şəkildə ortaya qoyur. O, kriminal keçmişinə görə ailəsinin təzyiqlərlə üzləşdiyini və onlardan pul tələb olunduğunu bildirib. Hüquq-mühafizə orqanlarına müraciət etdikdə isə ona “təhlükəsiz çıxış yolu” kimi ordu təklif edilib. Miqrantların və xarici vətəndaşların Rusiya ordusuna cəlb olunduğunu təsdiqləyən onlarla fakt var. 

Mövzu ilə əlaqədar politoloq Zaur İbrahimli Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın daxili səfərbərlik resursları tükəndikcə, daha təhlükəli yollara əl atılır: 

“Rusiyaya gəlmiş Cənub-Şərqi Asiya və Afrika ölkələrindən əmək miqrantlarının, aldadılaraq, yalan vədlərlə və bir çox hallarda məcburi şəkildə orduya cəlb edilərək, Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə olunması ilə bağlı məlumatlar mövcuddur. Rəsmi Moskva böyük şəhərlərdə, səfərbərlikdən qaçır. Müqavilə əsasında uzaq əyalətlərdə yaşayan gəncləri, eləcə də məhkum olunmuş şəxsləri ordu sıralarına cəlb edir. Hal-hazırda açıq məlumatlardan toplanmış göstəricilər, Rusiyanın maliyyə imkanlarının ciddi şəkildə zəiflədiyini təsdiqləyir”. 

Politoloqun sözlərinə görə, Rusiyanın əvvəlki dövrlərdə olduğu kimi, muzdluların geniş miqyasda cəlb edilməsinə maliyyə ayırmaq imkanları qalmayıb:

“Artıq Rusiya cəmiyyətinin özündə belə, muzdlu kimi orduda xidmətə maraq əhəmiyyətli dərəcədə azalıb. Xüsusilə son üç ay ərzində Rusiya ordusunun verdiyi ağır itkilər, qış hücumu çərçivəsində aparılan əməliyyatların nəticələri bu meyli daha da gücləndirib. Mövcud vəziyyət Moskvanı alternativ və daha təhlükəli üsullara əl atmağa məcbur edir. Bu kontekstdə azərbaycanlı miqrantların da məcburi qaydada orduya cəlb edilməsi ilə bağlı məlumatlar yayılmaqdadır”. 

Z.İbrahimli bildirib ki, CNN kimi nüfuzlu beynəlxalq media qurumları Afrikadan olan muzdlu döyüşçülərin sayının artdığını qeyd edir:

“Hətta həmin şəxslərin özləri də proseslə bağlı açıqlama verirlər. Əgər əvvəlki mərhələdə Rusiya muzdlu qüvvələri yüksək maliyyə vədləri ilə cəlb etməyə çalışırdısa, mövcud çətin şəraitdə bu proses məcburi xarakter alıb. Bu yanaşma mahiyyət etibarilə dövlət səviyyəsində insan alveri sayılır. Problem artıq kritik mərhələyə çatıb. Məsələ həm BMT, həm də aparıcı beynəlxalq insan hüquqları təşkilatları tərəfindən ciddi şəkildə müzakirə olunmalıdır”. 

Politoloq, Azərbaycan diasporunu və vətəndaş cəmiyyəti institutlarını Rusiyada yaşayan soydaşlarımızın taleyinə biganə qalmamağa çağırıb:

“Xırda hüquq pozuntularına yol vermiş azərbaycanlılar və digər miqrantlar məqsədli şəkildə qorxudulur. Miqrantlara iki “seçim” təqdim olunur: Ya muzdlu döyüşçü kimi orduya qoşulacaqsan, ya da ağır cəzalara məhkum olacaqsan. İnzibati resurslardan istifadə etməklə miqrantların məcburi şəkildə ordu sıralarına cəlb edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan diasporu və vətəndaş cəmiyyəti məsələ ilə bağlı daha fəal mövqe ortaya qoymalıdır. Beynəlxalq hüquq institutları isə Rusiyanı bu hərəkətlərə görə məsuliyyət daşımağa məcbur etməlidir”.

Aybəniz Səfərova