Əkrəm Bəydəmirli: Paşinyan uduzsa, Ermənistanı daha ağır ssenari gözləyir”
Ermənistanda iyun ayının 7-də növbəti parlament seçkiləri keçirilməlidir. Hazırda seçkilərə qızğın hazırlıq gedir və iqtidar və müxalifət partiyaları öz namizədlərini müəyyənləşdirir. Məlumdur ki, hazırkı baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının rəqibləri çoxdur.
"Erməni Milli Konqresi" partiyası Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası və digər siyasi qüvvələrlə konsolidasiya prosesinə başlamağa hazırlaşır. N.Paşnyanla eks-prezidentlər - Robert Köçəryan və Serj Sarqsyan arasında qütbləşmə var. Eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu "Erməni Milli Konqresi" də seçkilərdə qələbəyə iddialıdır. Bildirilir ki, Levon Ter-Petrosyanın Karapetyana yaxınlaşmasının digər səbəbi isə Rusiya faktoru və maliyyə dəstəyi ilə bağlıdır. "Hayastan" bloku isə eks-prezident Robert Köçəryanın namizədliyini irəli sürüb. Rəsmi Moskvanın da Köçəryana “stavka” etdiyi xəbərləri yayılır. Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlardan kənarda qalmasını heç cür həzm edə bilmir. Və “köhnə dostu” Robert Köçəryanı siyasi müstəviyə çıxarmağa çalışır.
Məsələni şərh edən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında bildirdi ki, Cənubi Qafqazı itirmək qorxusu Moskvanı ciddi narahat etdiyi üçün Koçaryan kartını yenidən işə salmaq istəyirlər: 
- Rusiyanın regionda son dayaq nöqtəsi sayıla biləcək Ermənistan öz orbitindən uzaqlaşır. Etibar edilməyən şəxs olan Ermənistanın baş naziri Nikol Paşinyan dərk edir ki, öz ölkəsinin inkişafı yalnız Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıqdan keçir. Etiraf etmək lazımdır ki, bu əlaqələr müsbət nəticələrini verməkdədir. Təbii ki, Rusiya özünün iştirakı olmadan Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesini, formalaşmaqda olan iqtisadi əlaqələri qəbul edə bilmir. Ona görə, Ermənistanda yenidən Koçaryan kartını işə salır və bu yolla öz köpəyini hakimiyyətə gətirmək istəyir. Xatırlatmaq istərdim ki, 2021-ci ilin iyun ayında keçirilmiş parlament seçkisində oxşar ssenarilər olsa da, o zaman Koçaryanın təmsil olunduğu partiya uğur qazana bilmədi. Hazırda erməni mediasına, cəmiyyətinə diqqət yetirsək görərik ki, müharibə partiyası sayılan Koçayana və ümumilikdə Rusiyaya münasibət çox mənfidir. Çünki insanlar yenidən müharibələr, qırğınlar istəmir. Azərbaycan Ordusunun 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsi ermənilərə yaxşı dərs olub. Amma Rusiya Cənubi Qafqaza gətirdiyi fəlakətlərdən əl çəkmir. Görünən odur ki, Ukrayna cəbhəsində böyük itkilərlə üzləşməsinə baxmayaraq, bu gün də Rusiya imperiya xülyası ilə yaşayır və o qorxulu tendensiyanı həyata keçirmək üçün çox qəddar addımlar atmaqdan çəkinmir. Şimal qonşumuzu regionda sabitlik, sülh deyil, yalnız öz məkrli maraqları düşündürür. Əgər Paşinyan seçkidə uduzsa Ermənistan daha da çətin duruma düşəcək.