- “Təklif azalır, tələbat çoxdur, sağlam rəqabət yoxdur”
Dana ətinin qiymətində artım müşahidə edilir. Hazırda Bakıda sümüklü mal ətinin kiloqramı 19-20 manat, sümüksüz ətin kiloqramı isə 25 manatdır. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat idi. Lakin paytaxtın müxtəlif ərazilərində qiymətlər dəyişə bilir. Dana əti bəzi yerlərdə bir qədər baha, bəzi yerlərdə isə nisbətən ucuz qiymətə satılır.
Sherg.az-a danışan iqtisadçı Əkrəm Həsənov qeyd etdi ki, ətin qiymətinin bahalaşmasının əsas səbəblərindən biri sahibkarlıq fəaliyyəti və kənd təsərrüfatı ilə məşğul olmaq üçün normal şəraitin olmamasıdır:

- Bazar iqtisadiyyatının inkişaf etdirilməsi üçün şərait yoxdur. Bazar iqtisadiyyatı üç əsas amilə söykənir: mülkiyyət hüququnun müdafiəsi, bağlanılan müqavilələrin icrası və sağlam rəqabət. Bunlar Azərbaycanda yoxdur. Bunu hansı instansiya təmin etməlidir? Əlbəttə ki, məhkəmə. Müstəqil, savadlı məhkəmə. Bu da yoxdur.
Sahibkar bilirsə ki, onun mülkiyyəti əlindən alına bilər, bağladığı müqaviləni kimsə icra etməsə və o da bununla bağlı məhkəməyə müraciət etsə, məhkəmə qanunları deyil, hüquqa zidd başqa meyarları əsas götürəcək, sağlam rəqabətin olmadığını bilirsə, sabah hansısa məmur öz biznesini genişləndirmək üçün onu biznesindən kənarlaşdıra bilərsə, bu şəraitdə sahibkarlıqla məşğul olmaq istəyənlərin sayı azalır.
Mən hələ xərclərin artmasını, yoxlamaları və digər məsələləri demirəm. Nə iləsə məşğul olmaq sərf etmir. Heyvandarlıqda isə problemlər daha çoxdur. Heyvanları yemləmək, xəstəliklərə qarşı peyvəndləmək, saxlamaq və bəsləmək çətindir, çox xərc aparır. Üstəlik, başqa problemlər də yaranır. İnsanlar bununla məşğul olmaq istəmirlər. Nəticədə təklif azalır, tələbat isə çox olduğuna görə qiymət artır.
Şəhərin müxtəlif ərazilərində qiymətlərin fərqli olmasına gəlincə, iqtisadçı bunun da bir neçə səbəblə bağlı olduğunu bildirdi:
- Bu, bazar iqtisadiyyatıdır. Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bildirib ki, hazırda qeyd olunan bazarda – ət bazarında rəqabəti məhdudlaşdıran davranışların mövcudluğunu təsdiq edən hal və pozuntu müəyyən edilməyib. Yəni, sahibkarlar arasında hər hansı sövdələşmənin olması ilə bağlı sübut və fakt yoxdur.
Aydındır ki, bazarda qiymətlər fərqli olacaq. Hətta 1-2 manat da fərq edə bilər. Bu, bir çox amildən asılıdır. Heyvandan heyvana fərq var. Biz özümüz də bilirik ki, hansı bölgənin heyvanı daha yaxşı və keyfiyyətlidir. İkincisi, heyvanın haradan gətirilməsi və neçəyə başa gəlməsi də əhəmiyyət daşıyır. Bunların hamısı qiymətin formalaşmasına təsir edir.
Ola bilər ki, hansısa sahibkarın pula təcili ehtiyacı var və əti ucuz satır. Yaxud, əksinə, dövriyyəsi o qədər çoxdur ki, aşağı qiymətə sataraq da qazanc əldə edir.