NATO baş katibi Mark Rutte Rusiyadan Kalininqrad vilayətini təcrid etməyə cəhd göstəriləcəyi təqdirdə nüvə silahından istifadə etməyə hazır olduğu barədə diplomatik nota aldıqdan sonra alyans ölkələrini sakitliyi qorumağa və Ukraynanı dəstəkləməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“NATO olaraq demək istədiyimiz budur: sakitliyi qoruyun, eyni istiqamətdə davam edin, Ukraynanı dəstəkləyin”, - NATO baş katibi deyib.
“Reuters” bundan əvvəl Rusiyanın Kalininqrad vilayətini təcrid etməyə cəhd göstəriləcəyi təqdirdə nüvə silahından istifadə etməyə hazır olduğu barədə NATO-ya diplomatik nota göndərdiyini yazmışdı. Rutte bu məlumatı təsdiqləyib. Baş katib qeyd edib ki, alyans Moskvanın diplomatik notasına qısa və lakonik cavab göndərib. Cavabda NATO-nun Rusiyaya qarşı aqressiv planlar hazırlamadığı bildirilib.