Trampın sərt açıqlamalarına baxmayaraq, ABŞ heç vaxt alyansı tərk etməyəcək
NATO Amerikanın Avropada hərbi mövcudluğunu saxlamasında, strateji əhəmiyyət daşıyır
ABŞ və İsrailin fevralın 28-də ani qərarla İrana hücumu, NATO ölkələri ilə Vaşinton arasındakı etimadsızlığı dərinləşdirdi. Müharibənin qızğın dönəmində ABŞ-nin NATO-nu hərbi əməliyyatlara cəlb etmək təşəbbüsü alyans üzvləri tərəfindən dəstəklənmədi.
Almaniya kansleri Fridrix Merts, İran ətrafında baş verənlərin NATO-nun müharibəsi olmadığını açıqladı. Təşkilatın dəstəyindən məhrum olan ABŞ prezidenti, çağırışının sadəcə "sınaq" olduğunu desə də, hadisədən sonra NATO-dan çıxmağı planladığını bildirməsi, müttəfiqlərindən dəyən zərbədən təsirləndiyini göstərir. ABŞ və İran arasında imzalanan razılaşma belə, Vaşinqtonun NATO-ya qarşı incikliyini azalda bilmədi. Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, NATO-nun Amerikaya dəstək verməkdən imtina etməsi bağışlanmazdır. Nazirin sözlərinə görə, onlar ya ABŞ-ni çıxılmaz vəziyyətdə qoyub batırmaq istədilər ya da, savaşmağı bacarmadıqları üçün geri çəkildilər.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, nazirin səsləndirdiyi fikirlərdə həqiqət payı azdır:
“Əslində alyansa üzv ölkələrdən birinə hücum edildikdə digərləri onu müdafiə etmək üçün kömək etməlidir. Lakin İran və ABŞ arasındakı gərginlik NATO-nun kollektiv müdafiə mexanizmindən fərqli xarakter daşıyır. ABŞ-nin başqa bir ölkəyə başlatdığı hərbi əməliyyatda, təşkilatın da yer alması üçün üzv dövlətlərin konsensusu lazımdır. Bir və ya bir neçə ölkə etiraz edərsə, NATO əməliyyata qoşulmayacaq. ABŞ isə İrana müharibəyə başlamazdan öncə alyans üzvləri ilə məsləhətləşmələr aparmadı. Tramp yalnız İsraillə birgə qəbul edilmiş qərar əsasında hücumlara başladı. ABŞ hücum aktında alyans ölkələrinin fikirlərini nəzərə almadığı üçün onlar, Trampa dəstək verməkdən imtina etdilər”.
Politoloqun sözlərinə görə, hazırkı məqamda NATO ölkələrinin müharibəyə qoşulmamaq qərarının strateji baxımdan daha düzgün olduğunu görürük:
“Çünki aparılan müharibəyə baxmayaraq sonda imzalanan saziş, İranın xeyrinə işləyir. NATO ölkələri məğlub olacaqları savaşa girmədilər. Əgər ABŞ müharibə yolu ilə rejimi devirə bilməyibsə, NATO ölkələri nəyə görə ona dəstək verməlidir? Trampın NATO-dan çıxacağına dair səsləndirdiyi fikirlərə əhəmiyyət verməyin. O, iki ildən sonra prezident vəzifəsindən ayrılacaq. Onun sərt açıqlamalarına baxmayaraq, ABŞ heç vaxt alyansı tərk etməyəcək. NATO Amerikanın Avropada hərbi mövcudluğunu saxlamasında, strateji əhəmiyyət daşıyır. İqtisadi baxımdan da alyans ölkələri ilə əməkdaşlıq ABŞ-yə Avropadakı bazalara, limanlara və hava məkanına çıxış imkanı yaradır”.