“Dövlət başçısının Amnistiya Aktının imzalanması təşəbbüsü irəli sürməsi məni çox sevindirdi”
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
D.Əliyeva adına Qadın Hüquqularının Müdafiəsi Komitəsinin sədri Novella Cəfəroğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu xəbəri gözləyirdi və çox şaddır:
- Cənab Prezidentin Amnistiya Aktının imzalanması təşəbbüsü irəli sürməsi məni çox sevindirdi. Çox şadam! Biz bunu gözləyirdik, çox istəyirdik, arzulayırdıq. Monitorinq Qrupu həm Əfv komitəsinə, həm də Prezident Aparatına müraciətlərində bu məsələni qaldırırdı. Çox istəyərdik ki, siyasi motivlə tutulanlar, jurnalistlər, blogerlər, bizim cavan jurnalist xanımların hamısı amnistiyaya düşsünlər. Amnistiya Aktı hamısına şamil olunsun. Nardaran hadisələrinə görə həbs olunan dindarların azadliğa çıxmasına 2 il qalır. Hətta ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər var ki 20 ildən çoxdur həbsdədirlər. Müharibə iştirakçıları, Elçin Əmiraslanov, partizan hərəkatına qoşulan gənclər 20 ildən çoxdu cəza cəkirlər. Cəzasının çəkilməmiş hissəsi az qalanların Amnistiyaya düşməsini arzulayıram. Konstitusiya və suvertenlik lində, həm də Yeni il bayramı ərəfəsində cənab Prezidentin minlərlə ailəyə bayram sevinci yaşadacağına inanıram.