Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının qrup rəhbəri Özgür Özəl parlamentdə keçirilən qrup toplantısında çıxış edərək partiyanın gələcəyi ilə bağlı mühüm mesajlar verib.
Sherg.az-ın məlumatına görə, Özəl bildirib ki, CHP tarixi bir dönüş nöqtəsindədir və yaranmış böhranın həlli üçün növbədənkənar qurultayın keçirilməsi vacibdir. Onun sözlərinə görə, qurultay iyulun 26-dan gec olmayaraq təşkil edilməlidir.
“Əks halda partiya altı il ərzində qurultay keçirməmiş olacaq və seçkilərdə iştirak etmək hüququnu itirə bilər. Bu, yalnız siyasi planları deyil, insanların ümidlərini də məhv edər”, - deyə Özəl vurğulayıb.
CHP rəsmisi partiya daxilində yaşanan qarşıdurmaların təkcə CHP-nin daxili işi olmadığını bildirərək, bunun Türkiyədə demokratiyanın gələcəyi ilə bağlı məsələ olduğunu qeyd edib. O, partiyanın qurucu dəyərlərinin qorunmasının vacibliyini önə çəkib və “millətin iradəsinin qarşısında heç bir maneənin dayana bilməyəcəyini” söyləyib.
Qeyd edək ki, son günlər CHP-də Kamal Kılıçdaroğlu ilə Özgür Özəl tərəfdarları arasında rəhbərlik və qurultay məsələsi ətrafında gərginlik daha da artıb.