"Hakan Fidan, Bilal Ərdoğan və ya Selçuk Bayraktar - onların heç biri Ərdoğanın qarşısında namizəd olmayacaq"
Türkiyədə qarşıdan gələn prezident seçkiləri ilə bağlı siyasi müzakirələr getdikcə intensivləşir. Seçkilərin vaxtı, mümkün namizədlər və xüsusilə Prezident Rəcəp Tayyip Ərdoğanın yenidən namizədliyi ətrafında müxtəlif ssenarilər irəli sürülür. Müxalifətin hansı namizədlə seçkiyə qatılacağı sual altındadır.
Eləcə də ölkədəki iqtisadi vəziyyət seçkinin nəticəsinə təsir göstərə biləcək əsas amillər kimi qiymətləndirilir. Mövcud siyasi mənzərə göstərir ki, qarşıdakı dövrdə həm iqtidar, həm də müxalifət üçün həlledici qərarlar veriləcək.
Qeyd edək ki, Türkiyədə ən son prezident seçkiləri 2023-cü ildə keçirilib. Növbəti seçkilər isə erkən seçim olmarsa, 2028-ci ildə keçirilməlidir.
Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Alihan Limoncuoğlu Sherg.az-a bildirib ki, prezident seçkilərinin 2027-ci ilin oktyabr və ya noyabr ayında keçirilməsi gözlənilir:
"Prezident Rəcəp Tayyip Ərdoğanın namizəd ola bilməsi üçün seçkilərin erkən tarixə çəkilməsi lazımdır. Buna tam mənada erkən seçki də demək olmaz. Amma yaz fəslinə çəkilsə, hətta bir ay əvvələ alınsa belə, müxalifət bunu qəbul etməyəcək. Ona görə də məcburən seçkilər gələn ilin payızında keçiriləcək kimi görünür. Prezident Ərdoğan namizəd olacaq. Müxalifətin çıxaracağı namizədə görə onun qalib gəlib-gəlməmək şansı dəyişə bilər. Bu tip seçkilərdə qalibi bir qədər də namizəd müəyyən edir".
Ekspert hazırda Türkiyə müxalifətində iki şəxsin namizədlik ehtimalı olduğunu söyləyib:
"Müxalifətdən namizəd olaraq Özgür Özəl və Mansur Yavaşın adları hallanır. Özgür Özəlin namizəd olması halında Tayyip Ərdoğan rahatlıqla qalib gələcək. Mansur Yavaş namizəd olarsa, çətin və gərgin yarış olacaq. Ən vacib amil isə iqtisadiyyatdır. Hakan Fidan, Bilal Ərdoğan və ya Selçuk Bayraktar - onların heç biri Ərdoğanın qarşısında namizəd olmayacaq".