Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Ari Laytstounu qəbul edib.
Teleqraf xəbər verir ki, baş nazir görüşdə ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasındakı rolunu yüksək qiymətləndirib.
O bildirib ki, 2025-ci il avqustun 8-dən sonra regionda sabit və müsbət atmosfer formalaşıb.
Nikol Paşinyan əldə olunmuş razılaşmaların irəli aparılmasının vacibliyini vurğulayaraq, onların icrasının gedişindən məmnunluğunu ifadə edib.
Görüşdə TRIPP (“Tramp marşrutu”) layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub. Tərəflər texniki məsələlərin həllindən sonra bu istiqamətdə atılan praktiki addımların yaxın vaxtlarda daha aydın görünəcəyinə inandıqlarını bildiriblər.
Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.