Paşinyan: Dilicandakı görüş müharibə risklərinin qarşısını almaq üçün lazım idi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında Dilicanda keçirilən görüş müharibə təhlükələrinin idarə olunması məqsədi daşıyıb.

Sherg.az xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı görüşün qısa müddətdə təşkil olunduğunu və hər iki tərəfin müəyyən risklər hiss etdiyi üçün operativ addım atdığını bildirib.

Onun sözlərinə görə, ikitərəfli təmaslar münasibətlərin möhkəmlənməsinə xidmət edir. Paşinyan həmçinin qeyd edib ki, dəvət alacağı təqdirdə 2029-cu ildə Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyə hazırdır.

Ermənistan lideri müxalifət deputatlarının iş otaqlarında Qarabağ bayraqlarının asılmasını da risk faktorlarından biri kimi qiymətləndirib. O bildirib ki, bu cür addımlar Ermənistanda revanşist qüvvələrin mövcudluğu ilə bağlı suallar yarada və regionda gərginliyi artıra bilər.

Xatırladaq ki, Dilicandakı görüşdən sonra tərəflər uzunmüddətli sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə ikitərəfli dialoqu davam etdirmək barədə razılığa gəliblər. Növbəti görüşün Azərbaycanda keçirilməsi planlaşdırılır.