Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
Sherg.az-ın məlumatına görə, Paşinyan mesajında bildirib ki, bu əlamətdar bayram Rusiya vətəndaşlarının öz ölkələrinin gələcəyinə görə məsuliyyətini, həmçinin dost Rusiya xalqının dövlətin inkişaf yolunu müstəqil şəkildə seçmək istəyini ifadə edir.
Ermənistan hökumət başçısı vurğulayıb ki, Ermənistan və Rusiya xalqları arasında formalaşmış çoxşaxəli əlaqələr, eləcə də tərəflərin qarşılıqlı hörmətə, suverenliyə və dövlət maraqlarına əsaslanan açıq və konstruktiv dialoqa hazır olması iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
“Əminəm ki, Ermənistan və Rusiya xalqları arasında çoxşaxəli əlaqələr, eləcə də bir-birinin suverenliyinə və dövlət maraqlarına hörmət prinsipi əsasında qurulan açıq və konstruktiv dialoqa qarşılıqlı hazırlıq bundan sonra da münasibətlərin inkişafına və əməkdaşlıq imkanlarının tam şəkildə reallaşdırılmasına töhfə verəcək”, - deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, son illərdə İrəvanla Moskva arasında münasibətlərdə müəyyən gərginliklər müşahidə olunsa da, tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayırlar.