Paşinyanın partiyası Aİ-nin ən böyük siyasi ailəsinə qoşulmağa hazırlaşır

Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyası Avropa İttifaqının ən böyük transmilli siyasi qurumu olan Avropa Xalq Partiyası (AXP) ilə üzvlük danışıqları aparır.

Sherg.az xəbər verir ki, məlumata görə, hələlik rəsmi qərar qəbul edilməsə də, Ermənistanın baş naziri Nikol Paşinyan partiyasının AXP-yə qoşulmasında maraqlı olduğunu bildirib. Üzvlüklə bağlı qərarın ilin sonunadək verilməsi mümkündür.

Qeyd edək ki, AXP-nin sıralarında artıq Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası da təmsil olunur.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” 49,82 faiz səslə birinci olub. Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,28 faiz, sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,93 faiz səs toplayıb. Seçkilərdə iştirak səviyyəsi 58,94 faiz təşkil edib.