Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH

“O, Avropada özünü lider kimi təqdim edir, amma reallıqları gizlədir”

İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi son illərdə Avropa ölkələrinə səfərləri və müxtəlif siyasi nümayəndələrlə keçirdiyi görüşlər İranın gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. İranın son şahının nəvəsi iddia edir ki, xalq onun yenidən hakimiyyətə gəlməyini istəyir.

Yenidən hakimiyyətə iddialı olan Pəhləvinin Federal Mətbuat Evində keçirdiyi mətbuat konfransından sonra binadan çıxarkən naməlum şəxs üzərinə qırmızı maye atıb. O, insidentdən sonra avtomobilinə minərək ərazidən uzaqlaşıb. 

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, iranlı siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Sherg.az-a Rza Pəhləvinin bir sıra Avropa ölkələrinə səfərləri və həmin ölkələrin nümayəndələri ilə görüşlərində səsləndirdiyi fikirlərin diqqət çəkdiyini deyib:

"Pəhləvi İran adlanan ölkədə mövcud olan ideoloji və siyasi rejimin təhdidkar mahiyyətini ortaya qoymaqla yanaşı, özünü alternativ kimi təqdim etməyə çalışır. Verdiyi mesajlar da buna hesablanıb. O, nüvə silahının əldə olunmayacağını, terror təhdidinin aradan qaldırılacağını vəd edir. Bu vədlər sırf siyasi çağırış xarakteri daşıyır. R.Pəhləvi demək istəyir ki, əgər o, bu rejimə alternativ kimi qəbul olunarsa, vədlərini həyata keçirəcək.

Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, onun çağırışlarında İranın daxili şəraiti və gerçəklikləri haqqında konkret ifadələr yoxdur. Yəni o, açıq şəkildə demir ki, gələcəkdə demokratik cəmiyyətin formalaşdırılmasında maraqlıdır, müxtəlif siyasi qüvvələrin bir araya gəlməsini dəstəkləyir və vətəndaş iradəsinin təmsil olunmasını istəyir.

Xüsusilə də İranın demoqrafik quruluşu barədə heç nə demir. Halbuki orada müxtəlif millətlər yaşayır və bu millətlərin öz siyasi və milli istəkləri var. Bu istəklərin tanınması azad və demokratik cəmiyyətin qurulmasında mühüm rol oynaya bilər. Lakin o, bu reallıqları qəbul etdiyini göstərən ifadələr işlətmir. Əksinə, belə bir yanaşma ortaya qoyur ki, guya İran cəmiyyəti vahid dilə, mədəniyyətə və kimliyə əsaslanır. Bu isə mövcud reallıqları inkar etmək deməkdir. Ümumi “azad İran” şüarları bu baxımdan inandırıcı görünmür".

Analitik bildirib ki, onun ölkə daxilində yaşayan millətlərə münasibətinin qeyri-müəyyən olması və reallıqları görməzdən gəlməsi, xarici dövlətlərə verdiyi vədlərə də inamı itirir:

"Nəzərə almaq lazımdır ki, nüvə proqramının əsasını hələ 1967-ci ildə onun atası qoyub. O dövrdə də bu proqramın həyata keçirilməsi İranın haqqı kimi təqdim edilirdi. Sonrakı dövrdə isə mövcud rejim bu prosesi davam etdirərək nüvə fəaliyyətlərini sülhməramlı kimi göstərsə də, hərbi istiqamətə yönəltməkdə ittiham olundu.

Bu baxımdan, əgər Rza Pəhləvi verdiyi vədlərdə səmimidirsə, bütün məsələləri açıq şəkildə ortaya qoymalıdır. Lakin görünən odur ki, o, daha çox Avropa ölkələrində özünü legitim alternativ kimi təqdim etməyə çalışır və bu məqsədlə reallaşması şübhəli olan vədlər səsləndirir.

Digər tərəfdən, onun bəzi çıxışlarında ölkə daxilində keçid prosesində müəyyən güc strukturlarından- məsələn, SEPAH və Bəsic kimi qüvvələrdən istifadə oluna biləcəyi ilə bağlı fikirlər də yer alır. Bu isə ziddiyyətli yanaşma yaradır: bir tərəfdən mövcud rejimi tənqid edir, digər tərəfdən həmin sistemin əsas dayaqlarından istifadə ehtimalını istisna etmir.

Bu yanaşma isə riskli görünür. Çünki belə bir model nəticə etibarilə yenidən mərkəzləşmiş və avtoritar bir idarəetmə formasının- hətta monarxiyanın bərpasına gətirib çıxara bilər. Bu isə həm ölkə daxilində yaşayan müxtəlif millətlər, həm də region üçün yeni gərginliklər yarada bilər.

Bu səbəbdən, Avropa dövlətlərinin və ümumiyyətlə beynəlxalq aktorların İranla bağlı qərar verərkən yalnız xaricdə səsləndirilən vədlərə deyil, ölkə daxilindəki real siyasi və sosial vəziyyətə də diqqət yetirmələri vacibdir. Xüsusilə qeyri-fars millətlərin siyasi və milli tələbləri nəzərə alınmadan veriləcək qərarların uzunmüddətli sabitlik yaratması çətin görünür".

Müsahibimiz vurğulayıb ki, bu amillər nəzərə alınarsa, regionda sülhün və sabitliyin təmin olunması, terror və nüvə təhdidlərinin aradan qaldırılması istiqamətində daha real addımlar atmaq mümkün olacaq:

"Rza Pəhləvinin Avropa görüşlərində səsləndirdiyi fikirlər- xüsusilə terrorizm, nüvə silahı və raket proqramları ilə bağlı verdiyi vədlər hərtərəfli və tənqidi şəkildə təhlil olunmalıdır. Onun daxildəki müxalif qüvvələrlə konsensus əldə etməməsi isə bu vədlərin inandırıcılığına əlavə suallar yaradır.

Berlin görüşündə də bu vəziyyət özünü göstərdi. Müxtəlif müxalif qrupların etirazları onun vahid alternativ kimi qəbul olunmadığını ortaya qoydu.

Nəticə etibarilə, Avropa dövlətləri və digər beynəlxalq güclər İran daxilindəki real prosesləri dərindən araşdırmalı, müxtəlif etnik və siyasi qrupların mövqelərini nəzərə almalı, qərarlarını bu reallıqlar əsasında formalaşdırmalıdırlar. Yalnız bu halda daha düzgün və davamlı siyasi yanaşma ortaya qoymaq mümkün ola bilər".