Prezident Əliyev Cənubi Qafqazda sülh modelini dünyaya təqdim etdi - ŞƏRH

“Azərbaycan İran və ABŞ arasında hərbi qarşıdurmanın qarşısını ala bilər”

Prezident İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu deyib, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirib. “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın” deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğulayıb.

Prezident İlham Əliyev İranla bağlı mövqeyini ifadə edərək, siyasi müstəvidə mövcud böhranın aradan qaldırılması üçün vasitəçilik yerinə yetirməyə hazır olduğunu bildirib. Bu yanaşma Azərbaycanın İran siyasətində praqmatik xəttə sadiq qaldığını və hərbi eskalasiyanın əleyhinə olduğunu nümayiş etdirir. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan münaqişələrin həll edilməsində nümunəvi model təqdim edir:

“Bu baxımdan cənab Prezident İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülh bərqərar olub. Sülhün bərqərar olması heç də asan olmadığından bu amil inkişafa xidmət edən layihələrin gərçəkləşdirilməsinə xidmət etməlidir. Keçmişə baxmamaq, gələcəyə boylanmaq lazımdır. Məsud Pezeşkiyanın Azərbaycana səfərindən sonra münasibətlərdə kifayət qədər yumşaqlığın şahidi olduq. Yüksəksəviyyəli təmaslar ortaq gündəmləri müzakirə etmək üçün əla imkanlar təqdim edir. Cənubi Qafqazda bərqərar olmuş sülh qonşu İran üçün də vacibdir. Dövlət başçımız bildirir ki, sərhədlərimiz boyu sabitlik vacib amildir. Azərbaycan ABŞ-la İran arasında vasitəçi ola bilər. Çünki hal-hazırda ABŞ-la Azərbaycan münasibətləri çox yüksək səviyyədədir”.

 Rəsmilər arasında münasibətlərdə qarşılıqlı etimad mühitinin formalaşdığını vurğulayan politoloq qeyd edib ki, Bakıdakı görüş ABŞ-ın Fars körfəzində hərbi güclənməsi və Donald Trampın təhdidləri fonunda İran və ABŞ diplomatlarının Omanın Maskat şəhərində kritik nüvə danışıqlarına başladığı bir vaxta baş tutub: “Azərbaycanın vasitəçilik etməsi dialoqu asanlaşdırmağa, Vaşinqton və Tehran arasında hərbi qarşıdurma riskini azaltmağa gətirib çıxarda bilər. Beləliklə, Azərbaycan eskalasiyanı azaltmaq üçün irəli addım atan Türkiyə də daxil olmaqla böyük aktorların siyahısına əlavə olunur”.