Prezidentin köməkçisi İrandakı müharibə barədə Azərbaycana dair yayılan iddianı təkzib etdi

“Geosiyasi baxımdan regionumuzda vəziyyət çox mürəkkəbdir. Bakıdan 200 kilometr cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. Yenə 200 kilometr şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində deyib.

“Biz İranı da qardaş ölkə hesab edirik. Çünki sərhədin o tayında, Araz çayının digər sahilində də bizim qardaşlarımız yaşayır.

(Azərbaycan ərazisinin İsrail tərəfindən istifadə edildiyi iddiaları ilə bağlı) Birincisi, bizim üçün ərazi bütövlüyü və suverenlik əsas prinsipdir. İkincisi, Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı hər hansı müdaxilə üçün istifadə olunmasına icazə verə bilməz. Üçüncüsü, bizim orada mənəvi borcumuz da var. Sərhədin o tayında yaşayan insanlar, dediyim kimi, milliyyətindən və dinindən asılı olmayaraq bizim qardaşlarımızdır. Biz buna necə icazə verə bilərik?

Dördüncüsü, bu texniki baxımdan necə mümkün ola bilər? İsraildən bura necə gələcəklər? Bunun üçün Türkiyə ərazisindən keçməlidirlər. Türkiyə də buna icazə verməz, Azərbaycan da. Bu necə baş verə bilər? Burada çirkli təbliğat elementləri də var”, - o bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, sevindirici hal odur ki, Cənubi Qafqazda sülh hökm sürür:

“Şükür ki, Ermənistan-Azərbaycan müharibəsi davam etmədi, əks halda, qonşu ölkələrdə baş verən münaqişələrin təsiri bu bölgəyə də keçə bilərdi. Qafqazda sülh var və bu, davamlı sülhdür. Ermənistan-Azərbaycan sülh prosesi təkcə kağız üzərində yazılmış bəyanatdan ibarət deyil. Azərbaycan bunu praktiki addımları ilə də sübut edib.

Azərbaycanın təşəbbüsü ilə 2023-2025-ci illəri əhatə edən cəmi iki il ərzində sülhə nail olduq. Avropada, xüsusilə Brüsseldə hamı sülhdən danışmağı sevir. Fransa ilə Almaniya İkinci Dünya müharibəsinin 1945-ci ildə başa çatmasına baxmayaraq, Yelisey Müqaviləsini yalnız 1963-cü ildə - 17-18 il sonra imzaladı. Biz isə cəmi iki il sonra sülh razılaşmasını imzaladıq. Ermənistanın bizə qarşı soyqırımı törətməsinə baxmayaraq, niyyətimizin yalnız sülh olduğunu nümayiş etdirdik”.