Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslər, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə, o cümlədən Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd rublun göndərilməsini qadağan edib.
Teleqraf xəbər verir ki, müvafiq fərman Rusiyanın hüquqi informasiya portalında dərc olunub.
“Rusiya Federasiyasından Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına, Tacikistan Respublikasına və Özbəkistan Respublikasına fiziki şəxslər tərəfindən 1 milyon rubldan artıq məbləğdə, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən isə məbləğindən asılı olmayaraq nağd Rusiya valyutasının çıxarılmasına qadağa müəyyən edilsin”, - sənəddə bildirilir.
Fərmana əsasən, istisnalar Rusiyanın dövlət sərhədindən beynəlxalq hava limanlarındakı hava keçid məntəqələri vasitəsilə nağd rublun aparılması hallarıdır. Bunun üçün onları verən kredit təşkilatı tərəfindən müəyyən edilmiş qaydada təsdiqlənmiş və fiziki şəxslərin, hüquqi şəxslərin və fərdi sahibkarların bank hesablarından və əmanətlərindən Rusiya valyutasının çıxarılmasını təsdiq edən bank çıxarışları təqdim edilməlidir. Bundan əlavə, beynəlxalq daşımalar çərçivəsində hüquqi şəxslər tərəfindən nağd rublun aparılması halında da istisnalar qüvvədədir. Bu zaman daşınmanın başlanğıc və təyinat məntəqələri Rusiyanın hüdudlarından kənarda yerləşməli və həmin valyutanın Rusiyaya gətirilməsi faktı təsdiqlənməlidir.
“Sözügedən fərmanın 1-ci bəndində müəyyən edilmiş qadağanın pozulması halında, Rusiya Federasiyasından çıxarılan Rusiya Federasiyasının nağd valyutası fiziki şəxslərdən 1 milyon rubldan artıq hissədə, hüquqi şəxslərdən və fərdi sahibkarlardan isə tam həcmdə müsadirə edilməlidir”, - sənəddə qeyd olunur.