- "Rusiya Prezidenti müharibəni bitirmək istəmir, yeni eskalasiyaya hazırlaşır"
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin Ukraynaya planlaşdırılan səfəri Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Vaşinqtonun münaqişənin nizamlanması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda, müharibənin gələcək perspektivləri, Moskva və Kiyevin mövqeləri, eləcə də mümkün danışıqların nəticə vermə ehtimalı ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. Əsas sual isə Putinin məsələyə necə yanaşacağı ilə bağlıdır.
Ukraynalı diplomat, "Ukraynanın Avropa Hərəkatı" ictimai təşkilatının İdarə Heyətinin sədri, 2008-2010-cu illərdə Avropa və Avro-Atlantik inteqrasiya üzrə Koordinasiya Bürosunun direktoru olmuş Vadim Truxan Sherg.az-a bildirib ki, Uitkoff və Kuşnerin Ukraynaya səfəri daha çox simvolik xarakter daşıyır.
"Bu səfər Rusiya ilə Ukrayna arasında müharibəni nizamlamaq və ya ona son qoymaq üçün vasitə deyil. Məsələ ondadır ki, əsas problem Putinin müharibəni başa çatdırmaq istəməməsidir.
Əksinə, o, hazırda Rusiya cəmiyyətini səfərbər etməklə və onu eskalasiyanın növbəti mərhələsinə hazırlamaqla məşğuldur. Eskalasiyanın növbəti mərhələsi yenidən səfərbərliyin həyata keçirilməsi və müharibənin davam etdirilməsi üçün Rusiya biznesindən əlavə resursların cəlb edilməsindən ibarət olacaq".
Analitik vurğulayıb ki, Putin artıq bütün "qırmızı xətləri" keçib.
"Putin çox yaxşı anlayır ki, hazırda diplomatik nizamlanma və sülh mərhələsinə keçmək onun maraqlarına uyğun deyil. Çünki bu halda həm onun özünün, həm də komandasının üzvlərinin məsuliyyəti məsələsi mütləq gündəmə gələcək.
Buna görə də danışıqların bərpası daha çox Trampa ünvanlanmış jestdir. Putin Trampı əlavə sərt sanksiyalar tətbiq etməkdən, həmçinin Ukraynaya 'Patriot' sistemləri və digər silahların verilməsinə icazə verməkdən çəkindirməyə çalışır.
Ukrayna isə öz növbəsində Trampı inandırmağa çalışır ki, sülh istəməyən və danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyən tərəf Ukrayna deyil, Rusiyadır."