- "Mənasız müharibə" Rusiyanın özündə narazılığı artırır
Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı son bəyanatı yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə düşüb. Kreml rəhbəri “xüsusi hərbi əməliyyat”ın gec-tez başa çatacağını bildirərək, “düşmən məğlub olacaq və qələbə Rusiyanın olacaq” ifadəsini işlədib. Bu açıqlama müharibənin dördüncü ilinə yaxınlaşdığı, cəbhədə gərgin döyüşlərin davam etdiyi, Rusiyanın sanksiyaların yaratdığı iqtisadi təzyiqlərlə üzləşdiyi, Ukraynanın isə Qərbin hərbi və maliyyə dəstəyini qoruduğu bir dövrə təsadüf edir.
Ekspertlər hesab edirlər ki, Putinin bu bəyanatı həm müharibənin gələcək gedişi, həm də Kremlin siyasi məqsədləri baxımından müxtəlif cür şərh oluna bilər. Bir tərəfdən bu, Rusiya cəmiyyətinə qələbə mesajı verməyə hesablanmış siyasi ritorika kimi qiymətləndirilir, digər tərəfdən isə mümkün danışıqlar prosesi ərəfəsində Moskvanın mövqeyini nümayiş etdirmək cəhdi kimi dəyərləndirilir. Bəs Putinin bu açıqlaması mövcud hərbi-siyasi reallığı nə dərəcədə əks etdirir?
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Vladimir Putinin “müharibə başa çatacaq və qələbə Rusiyanın olacaq” bəyanatı vaxtından əvvəl verilmiş və hazırkı reallığı əks etdirməyən bir yanaşmadır:
“Çünki son bir neçə aya baxdıqda Rusiyanın müharibədə mövqelərinin kifayət qədər zəiflədiyini görürük və təşəbbüs xeyli dərəcədə Ukraynanın tərəfinə keçib. Ukraynanın Rusiyanı uzunmüddətli zəiflətmə strategiyası öz bəhrəsini verməkdədir. Hətta Rusiyada ciddi yanacaq və enerji problemləri yaşanır. Krım faktiki olaraq mühasirə vəziyyətindədir və Rusiya ordusunun hansısa ciddi uğurlarından danışmaq mümkün deyil. Bu, sadəcə olaraq Rusiyanın daxili auditoriyasına hesablanmış bir bəyanatdır. Belə ki, Rusiyanın bu müharibədə strateji qələbə qazanması mümkünsüz görünür. Nəzərə alsaq ki, Ukraynanın mövqeləri son aylarda ciddi şəkildə güclənib və ona verilən dəstək də artıb, həm Avropa İttifaqının, həm də NATO-nun Ukraynaya verdiyi dəstək kifayət qədər böyükdür. Eyni zamanda Rusiyaya tətbiq olunan sanksiyalar da öz təsirini göstərməkdədir. Bu baxımdan, bu bəyanatı hansısa strateji yanaşmanın və ya gələcək qələbənin təminatı hesab etmirəm. Bu, sadəcə olaraq daxili auditoriyaya hesablanmış PR xarakterli açıqlamadır və hazırkı vəziyyətin reallığını əks etdirmir.
Analitik qeyd edib ki, Putinin “müharibə başa çatacaq” bəyanatını həm də Rusiya tərəfi hazırkı şəraitdə Ukrayna ilə müəyyən danışıqlar apara bilər və bunun üçün müəyyən zəmin hazırlanır kimi də əsaslandırmaq olar:
“İki gün öncə Qazaxıstan Prezidentinin müharibə və danışıqlarla bağlı verdiyi bəyanat da əslində bu qəbildən qiymətləndirilə bilər. O baxımdan, Rusiya tərəfinin hazırkı vəziyyətinin kifayət qədər mürəkkəb olduğu da bəllidir. Bu səbəbdən, verilən bəyanatları sahədəki real vəziyyətlə əlaqələndirməkdən daha çox təbliğat yönümlü açıqlamalar kimi qiymətləndirmək olar. Çünki Rusiya cəmiyyətinin özündə də son aylarda Ukraynada aparılan işğalçı müharibə ilə bağlı narazılıqlar artır və bu mənasız müharibənin niyə davam etdiyi barədə suallar çoxalır. Hesab edirəm ki, bəyanat məhz bu baxımdan daxili auditoriyaya hesablanıb. Müharibə başa çatdıqdan sonra işğal altında qalan ərazilərin müəyyən hissəsi hansısa müddət ərzində Rusiyanın nəzarətində qalarsa, Kreml, xüsusilə də Vladimir Putin bunu cəmiyyətə qələbə kimi təqdim etməyə çalışacaq”.