Rusiya Prezidenti Vladimir Putin Ermənistanın ikinci prezidenti Robert Köçəryana 72-ci doğum günü münasibətilə təbrik teleqramı göndərib.
Sherg.az xəbər verir ki, Putin təbrikində Köçəryanın Rusiya ilə Ermənistan arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına şəxsi töhfəsini qeyd edib, ona möhkəm cansağlığı və hazırda üzləşdiyi sınaqlar qarşısında dözüm arzulayıb.
Qeyd edək ki, Robert Köçəryan avqustun 27-dən həbsdədir. Ona qanunsuz əldə edilmiş əmlakla bağlı ittiham irəli sürülüb. Avqustun 25-də hüquq-mühafizə orqanları Köçəryanın, oğlu Levonun evində və ailəsinə məxsus şirkətlərdə axtarışlar aparıb. Daha sonra Robert Köçəryan və böyük oğlu Sedrak həbs ediliblər.
İstintaqın versiyasına görə, Köçəryan prezident olduğu dövrdə digər şəxslərlə əlbir olaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.