"ABŞ-ın əsas narahatlığı Rusiyanın Çinlə strateji əməkdaşlığıdır”
Rusiya-Ukrayna münasibətləri pisləşdikcə, liderlərin bir-biri haqqında səsləndirdiyi fikirlər də sərtləşməyə başlayır. Bir tərəfdə müharibənin ağır yükünü daşıyan döyüşçülər, digər tərəfdə isə informasiya cəbhəsində savaşan siyasi liderlər dayanır.
Lakin müharibə meydanından fərqli olaraq informasiya məkanında, güllə yerinə ifadələr, tank yerinə ritorika işlədilir. Bu gün isə Ukrayna prezidenti Volodimir Zelesnki, Rusiya Prezidentinin ABŞ lideri Donald Trampdan qorxduğunu bildirib. Zelenskinin sözlərinə görə, Tramp, Putinin ondan qorxduğunu bilsə, Rusiyanın qoyduğu bütün şərtləri qəbul etməz.
Mövzu ilə bağlı politoloq Tuan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, bir dövlət başçısının digərindən qorxması nisbi və qeyri-real xarakter daşıyır:
“V.Putin hər hansı bir ölkə liderindən qorxsaydı, Ukraynaya qarşı müharibəyə başlamazdı. Üstəlik, bunu iki mərhələdə həyata keçirdi: 2014-cü ilin fevralında Krım yarımadasını işğal etdi. Mart 18-də isə bölgəni rəsmi olaraq ərazisinə daxil etdi. Bununla kifayətlənməyərək, Donetsk və Luqansk vilayətləri də işğal edildi. 2022-ci ilin sentyabrında Rusiya həmin əraziləri rəsmi şəkildə öz konstitusiyasında Rusiya Federasiyasının subyektləri kimi tanıdı. Putini müdafiə etmək niyyətində deyiləm. Lakin burada söhbət qorxudan deyil, ehtiyatlı davranışdan gedir. ABŞ-ın özü də Rusiyaya qarşı ehtiyatlı mövqe tutur”.
Politoloq ABŞ-ın Rusiyaya qarşı ehtiyatlı mövqe tutmasının arxasında dayanan əsas amillərə də toxunub:
“Bunun səbəbi Vaşinqtonun Rusiyanın Çinlə strateji və hərbi əməkdaşlığını dərinləşdirə biləcəyindən narahat olmasıdır. ABŞ üçün hazırda əsas rəqib Çin hesab olunur. Çin ilə Rusiya hərbi sahədə əməkdaşlığı genişləndirsə, ABŞ daha ciddi təhlükə ilə üz-üzə qalacaq. Zelenskinin səsləndirdiyi fikirlərə gəldikdə isə, onun hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Ukrayna lideri, görüşlər zamanı ABŞ prezidenti tərəfindən bir dövlət başçısına yaraşmayan şəkildə, alçaldılır. Tramp-Zelenski və Tramp-Putin görüşlərini müqayisə etdikdə, yayımlanan kadrlar və verilən mesajlar, hansı dövlətin üstün mövqedə olduğunu açıq şəkildə ortaya qoyur”.
Aybəniz Səfərova