Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi

  • Putin Ermənistanın Aİİ-də olduğu dövrdə ölkənin ÜDM-nin üç dəfə artdığını, ittifaq ölkələrinə ixracın isə 10 dəfə yüksəldiyini qeyd edib

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ikitərəfli görüş keçiriblər. Bu, Ermənistanda keçirilən seçkilərdən sonra iki liderin ilk üzbəüz görüşüdür.

Sherg.az xəbər verir ki, Putin görüş zamanı Ermənistanın Avropa İttifaqına qoşulmaq istəyinin ölkənin qanuni hüququ olduğunu bildirib. Lakin onun sözlərinə görə, bu qərar Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyü ilə bağlı müəyyən çətinliklər yaradır.

Putin Paşinyanın “Ermənistan Aİİ-dən çıxmaq barədə bəyanat verməyib” fikri ilə razılaşmayıb, sözünü kəsib. Rusiya lideri bildirib ki, başqa iqtisadi təşkilata üzvlük prosedurunun başlanması ilə bağlı qanunun qəbul edilməsi faktiki olaraq Aİİ-dən çıxmaq niyyətinin ifadəsidir.

Putin Ermənistanın Aİİ-də olduğu dövrdə ölkənin ÜDM-nin üç dəfə artdığını, ittifaq ölkələrinə ixracın isə 10 dəfə yüksəldiyini qeyd edib.

Rusiya prezidenti Ermənistanın Aİ-yə üzvlüklə bağlı qərarını nə qədər tez dəqiqləşdirəcəyinin Moskva üçün bir o qədər yaxşı olduğunu vurğulayıb. O, bu məsələdə Ermənistan xalqının mövqeyinin öyrənilməsini təklif edib.

Putin həmçinin Rusiyanın Ermənistanın əsas iqtisadi tərəfdaşı olaraq qaldığını bildirib. Onun sözlərinə görə, 2026-cı ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Rusiya şirkətləri Ermənistanda ən böyük vergi ödəyiciləri sırasında yer alır və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

Görüşdə Rusiya-Ermənistan münasibətlərinin enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və dinc atom enerjisi sahələrindəki birgə layihələri də müzakirə olunub.

Görüşdə Rusiya tərəfdən Sergey Lavrov, Maksim Oreşkin, Aleksey Overçuk, Dmitri Peskov, Yuri Uşakov və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Ermənistan nümayəndə heyətində isə vitse-baş nazir Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər yer alıblar.