Qarabağ kartı artıq Paşinyan üçün əhəmiyyətini itirib - ANALİTİK

"Bu çıxış yolu hakmiyyət uğrunda mübarizə aparan Qarabağ klanı üçün də siyasi zərbədir"

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Qarabağlı ermənilər talelərini birdəfəlik Ermənistanla əlaqələndirməlidirlər. O bildirib ki, Ermənistan hökuməti qarabağlı ermənilərin ölkədə məskunlaşmasını dəstəkləməlidir.

Bir müddət əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirilən brifinqdə Ermənistanın Rusiyanın yardımından imtina etməsinin başa düşülən olmadığını söyləyib.

Rusiya XİN sözçüsü vurğulayıb ki, rəsmi İrəvan Ermənistanın hüquqi normalarının seçkiqabağı dövrdə ianələrin, eləcə də xeyriyyə yardımlarının göstərilməsini məhdudlaşdırmasını əsas gətirərək, yardımdan imtina edib.

Görünən odur ki, Paşinyan Rusiyanın fikirləri ilə tam razılaşmır. 

Əslən Qarabağdan olan araşdırmaçı jurnalist, Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri Asəf Quliyev Sherg.az-a bildirib ki, Paşinyanın davranışlarında və verdiyi bəyanatlarda iki mühüm faktorun təsiri sezilir:

"Birincisi odur ki, Paşinyan artıq Qarabağ adlı bir yükdən azad olub. O istəyir ki, erməni xalqını da illərlə onların çiynində yük olan bu problemdən azad etsin. Paşinyan üçün özündən əvvəlki hakim elitadan fərqli olaraq Qarabağ problemi hakimiyyəti saxlamaq üçün vasitə deyil. 

İkinci mühüm faktor isə Qərbi Azərbaycan məsələsidir. Paşinyan yaxşı bilir ki, rəsmi İrəvan Qarabağ məsələsini və yaxud da Qarabağ ermənilərinin məsələsini qaldıracağı təqdirdə ciddi diplomatik diskomfort yaşayacaq. Çünki rəsmi Bakı Qarabağ ermənilərinin Qarabağda yaşamaq hüququnu tanıyır. Azərbaycan cəmiyyətində bu məsələdə birmənalı fikir olmasa da, hər halda cəmiyyətdə belə müzakirələr zaman-zaman olur. Amma rəsmi İrəvan Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarını tanımır. Onlar həmçinin erməni cəmiyyətini ümumiyyətlə bu məsələnin müzakirəsinə yaxın buraxmır".

Ekspert qeyd edib ki, Paşinyan üçün ən yaxşı çıxış yolu Qarabağ ermənilərinin vətəndaşlıq alaraq Ermənistana inteqrasiyasını təmin etməkdir: 

"Bu çıxış yolu hakmiyyət uğrunda mübarizə aparan Qarabağ klanı üçün də siyasi zərbədir. Çünki o, bununla elektaratını itirmiş olur. Paşinyan yaxşı bilir ki, Qarabağ kartı ilə hakimiyyətə yenidən can atan qüvvələrin arxasında Rusiya dayanır. Buna görə də Rusiyadan seçki ərəfəsində ianə və ya humanitar dəstəyin gəlməsini istəmir. Çünki humanitar yardım adı ilə gələn hər rubl Paşinyan hakimiyyətinə zərbədir".