Qarabağ məsələsi bitib, sülh Ermənistana daha çox lazımdır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; Növbəti görüşlərdə tərəflər sərhədlərin müəyyənləşməsi və anklavların qaytarılması istiqamətində danışıqlar aparacaq
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında durğunluq müşahidə olunur. Əsasən, üç platformada - Vaşinqton, Brüssel və Moskva müstəvisində aparılan danışıqlarda son dönəmlər demək olar ki, heç bir irəliləyiş qeydə alınmayıb. Ermənistan Baş naziri Nikol Paşinyan görüşlərə hazır olduğunu, sülh müqaviləsi imzalamaq niyyətində olduğunu iddia etsə də, mövcud reallıqda İrəvanın sülhdə maraqlı olmadığı göz önündədir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən görüşdə region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.
 Nazir çıxışında qeyd olunan formatın regional problemlərə region ölkələri tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib. Platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib. C.Bayramov çıxışında Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini, bu layihələrin və formatların müsbət təsirinin region ölkələri ilə məhdudlaşmadığını və daha geniş coğrafiyada tərəfdaşlarımızı əhatə etdiyini diqqətə çatdırıb. 
O, region ölkələri arasında bağlantıların iqtisadi faydaları ilə yanaşı, müsbət qarşılıqlı asılılığa təkan vermək və beləliklə, sülh və sabitliyə töhfə vermək baxımından da eyni dərəcədə əhəmiyyətli olduğunu qeyd edib. Nazir çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini, həmçinin Avrasiyada nəqliyyat və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyasını yaradacağını vurğulayıb. Təbii olaraq XİN rəhbəri çıxışında Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpasının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açdığını diqqətə çatdırıb.
Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında normallaşmasının təkcə bu ölkələrin xeyrinə olmayacağını, həm də əməkdaşlıq və tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa imkan yaradacağını bildirib. Çıxışında Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb. Sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu bəyan edib. 
Görüşdə iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrov da deyib ki, Azərbaycan və Ermənistan arasında münaqişə əsas etibarilə tənzimlənib və indi tərəflər münasibətlərin tam normallaşması üçün növbəti praktik addımları atmalıdırlar: “Hər iki tərəf Qarabağın Azərbaycana aid olmasına dair razılaşıblar. İndi isə əlbəttə ki, münasibətlərin tam normallaşdırılması, ilk növbədə sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşdıqları kimi hər hansı maneələri olmayan nəqliyyat iqtisadi kommunikasiyaların açılması üçün praktik addımların atılması qalır”. 
Rusiya xarici işlər nazirinin sözlərinə görə, özlüyündə "3+3" platforması obyektiv olaraq həm də Azərbaycan və Ermənistana qalan məsələlərin həllində kömək edəcək: “Partnyorlar bunu başa düşürlər. Biz bunu böyük problemə çevirmək istəmirik. Onlar əgər istəyirlərsə, bəxtlərini Brüsseldə də sınasınlar, amma biz delimitasiya prosesinin başlanmasına real şəkildə hazırıq”.
  
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Brüsselin vasitəçiliyi ilə Azərbaycanla yol xəritəsinin hazırlandığını açıqlayıb. Ekspertin sözlərinə görə, liderlərin Brüsseldə görüşü gözlənilir:
 "Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyiş mümkündür. Amma qarşı tərəf sülhə hazır deyil. Qənaətimə görə, tərəflər görüşdə sərhədlərin müəyyənləşməsi və anklavların qaytarılması istiqamətində danışıqlar aparacaq. Bu da uzun sürən prosesdir. Qarabağa gəlincə, bu məsələ bitib. Yəni Azərbaycan üçün elə bir problem qalmayıb. Sülh Ermənistana lazımdır. Amma Ermənistan sülhdən yayınmaq üçün yeni oyuna başlayıb. İrəvan Azərbaycanı “etnik təmizləmə”də ittiham edərək, beynəlxalq platformalarda və danışaqlarda Bakıya təzyiq etməyə çalışır. Bu baxımdan, ayrı-ayrı ölkələrin parlamentlərinin anti-Azərbaycan qətnamələri qəbul etmələri təsadüfi deyil. Paşinyan bir tərəfdə “etnik təmizləmə” iddiasıından, digər yanda “sülh”dən danışırsa, belə bir durumda sülh sazişini imzalamaq mümkün olmayacaq. Paşinyan həqiqətən sülh istəyirsə, Azərbaycana yönəlik əsassız ittihamları lüğətindən çıxarmalıdır”.
Analitikə görə, Brüssel görüşü ərəfəsində separatçıların İrəvanda etiraza qalxması, Samvel Şahmaranyanın qəfil ortalıqda görünməyə başlaması da sülh prosesini pozmaq məqsədi daşıyır:
 "Paşinyan yekun anlaşmadan yayınmaq üçün bundan da istifadə edə bilər. Qarabağdan gedən ermənilər Paşinyan üçün başağrısına çevriləcək. Bu da Azərbaycanla danışıqlarda əngəl yaradacaq. Ermənistan müstəqil olmadığı üçün sülh müqaviləsindən çəkinəcək. Brüssel görüşünə qədər belə təxribatlar davam edəcək. Ona görə də Azərbaycan Ermənistanın pozucu mövqeyini əsas götürərək, bir müddət sülh danışıqlarına fasilə verməlidir”.