Qarabağdan gedən ermənilər “qaçqın statusu” daşıya bilməz

Ermənistan hakimiyyətinin iqtisadi hədəfi Qərbdən milyonlarla avro yardım almaqdır

  Ermənistan hökuməti Qarabağdan gəlmiş ermənilərə qaçqın statusu verir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında "qaçqın" anlayışı təsbit olunur və digər məqamlarla yanaşı "beynəlxalq sərhədi keçən insan" anlayışı qabardılır. Bu o deməkdir ki, indi Qarabağdan köçmüş şəxslərə qaçqın statusu verməklə Ermənistan onların gəldiyi ərazilərin digər ölkəyə (Azərbaycana) məxsusluğu, həmçinin Azərbaycan-Ermənistan sərhədini keçdiyini rəsmən tanıyır. Ermənistan hökuməti 100 min qaçqından danışır, amma əslində, bu ərazidə yaşamış şəxslərin kateqoriyaları müəyyən olunmalıdır. Bakıda istintaq altında olan separatçıların keçmiş rəhbərlərinin ifadələrindən də bir daha təsbit olunur ki, orada Ermənistan ordusunun 15 minə yaxın hərbçisi olub. Onların ailə üzvlərini də saysaq, bu rəqəm 30-40 min edir. İşğaldan sonra bu əraziyə köçürülmüş və qanunsuz məskunlaşma yolu ilə oraya yerləşdirilmiş təxminən 30 min insan da qaçqın sayıla bilməz. Çünki qanunsuz məskunlaşma cinayətdir və bu cür şəxslərin nə mülkiyyət hüququ, nə qaçqın statusu tanınır. Məskunlaşmış şəxslərdən xeyli hissəsi başqa dövlətlərin vətəndaşlarıdır. Bu gün erməni tərəfi bildirir ki, Qarabağdan Ermənistana gəlmiş şəxslərdən artıq 10 mini xaricə gedib. Bu o deməkdir ki, bu şəxslərdə başqa ölkələrin pasportları var. Bütün bunları nəzərə alsaq, Qarabağda əvvəldən yaşamış şəxslərin sayı təxminən 30-35 minə yaxındır – qaçqın statusu yalnız bu sayda şəxsə verilə bilər. İşğal dövründə Ermənistan orada yaşayan şəxslərin sayını süni şəkildə artırıb və şişirdib, bunun müqabilində isə xaricdən böyük həcmdə ianələr, yardımlar alıb. İndi bu “mənbə” əldən çıxdıqdan sonra Ermənistan başqa metodla – qaçqınlara yardım adı ilə yenə daimi “pul axını” təşkil etməyi düşünür. Məhz buna görə bu gün qaçqın statusu veriləcək şəxslərin sayını süni şəkildə artırmaqda maraqlıdır. Qarabağdan getmiş şəxslərin geri qayıtması məsələsinə gəldikdə, Qərbi Azərbaycandan olan soydaşlarımızın da öz torpaqlarına qayıtmaq hüququ məsələsi açıq qalır.
  
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Ermənistan hakimiyyətinin Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu” verməsinin iki məqsədi var. Analitikə görə, siyasi hədəfi “qaçqınların qayıdışını” daim Bakıya qarşı təzyiq aləti kimi saxlamaq, o cümlədən, Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların geri qayıdışı məsələsində “ermənilərin Qarabağa qayıdışını” irəli sürməkdir: "İqtisadi hədəfi Qərbdən “erməni qaçqınlara yardım” adı ilə milyonlarla avro yardım almaqdır. Hərçənd, ermənilərin “qaçqın statusu” beynəlxalq hüquqda təsbitini tapmır. Qaçqın “irqi, dini, milli mənsubiyyəti, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə” deyilir. Bu hüquqa görə Qarabağdan Ermənistana köçən, daha doğrusu, qayıdan ermənilər “qaçqın statusu” daşıya bilməz. Ermənilər öz ölkəsini, yəni Azərbaycanı tərk etməyib, əksinə, məskunlaşdıqları başqa ölkənin ərazisindən öz ölkələrinə qayıdıblar. Qarabağdan gedən ermənilərin “qaçqın statusu”nda qəbul edilməsi üçün “öz ölkələrini” tərk etmələri lazımdır. Ki, onların “ölkə” dediyi ərazi beynəlxalq hüquqa əsasən, Azərbaycan ərazisidir və bu ərazidə “ölkə” adlandırdıqları qondarma separatçı rejim beynəlxalq hüquqda tanınmırdı. Qarabağdakı ermənilərin mənsub olduğu hüquqi pasport – separatçıların onlara verdiyi qondarma pasport kağız parçasından başqa bir şey deyildi – Ermənistana məxsus olub. Bu fakt ermənilərin “öz ölkələrini” tərk etmədiyini, sadəcə vətəndaşı olduqları ölkəyə qayıtdıqlarını sübut edir".