- “Bu təşəbbüs müharibənin taleyini dəyişə bilər”
- “Qazaxıstanın vasitəçiliyi real variantdır”
Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik səylər davam edərkən, Kiyev mümkün danışıqlar üçün yeni platformaların nəzərdən keçirildiyini açıqlayıb. Ukrayna tərəfi Qazaxıstanın Moskva ilə danışıqlarda vasitəçi və Putin-Zelenski görüşünün keçirildiyi məkanlardan biri ola biləcəyini istisna etmir.
Bu təklif Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də münaqişənin dondurulması və danışıqlar prosesinin bərpası ilə bağlı çağırışlarından sonra gündəmə gəlib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyevdə Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin Qazaxıstanda görüşünün keçirilməsi ehtimalı müzakirə olunub və Ukrayna Astananın bu prosesdə rolunu dəstəkləyir.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Qazaxıstanın Rusiya və Ukrayna arasında vasitəçilik etmək istəkləri yeni deyil və hələ savaş başlanan anda belə iddialar səslənirdi:
“Nəzərə alsaq ki, Qazaxıstan həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlərə malikdir və Qazaxıstan Prezidenti Tokayev Vladimir Putinlə hələ savaş başlayandan az sonra toplantıların birində Ukraynanın ərazi bütövlüyünü az-çox şəkildə dəstəkləyən bir mövqe sərgiləmişdi. Bu da o zaman bir çoxlarında təəccüb doğurmuşdu. Amma Qazaxıstan Prezidenti həm də mahir diplomatdır. O, beynəlxalq hüquqa hörmətlə yanaşan şəxs olduğuna görə bu məsələlərdə, ərazi bütövlüyü məsələlərində prinsipial mövqe nümayiş etdirib. Amma eyni zamanda Rusiya ilə də münasibətləri kifayət qədər normaldır desək, yanılmarıq. Ukrayna tərəfi Qazaxıstan Prezidentinin bu mövqeyini təbii ki, alqışlayıb. Sual yaranır Qazaxıstan belə bir vasitəçiliyi həyata keçirə bilərmi? Əvvəla, nəzəri baxımdan bu imkanlar var. Qazaxıstan da məhz özünün neytral və beynəlxalq hüquqa uyğun mövqeyi ilə belə bir vasitəçiliyə haqq edir, deyə düşünürəm. Bu, Qazaxıstanın səylərindən daha çox tərəflərin verə biləcəyi qərardan asılıdır. Düşünürəm ki, nə Rusiya, nə də Ukrayna tərəfi buna etiraz etməzlər. Çünki hər iki ölkənin Qazaxıstanda kifayət qədər yaxşı münasibətləri mövcuddur”.
Analitik qeyd edib ki, bu məsələdə Qazaxıstanla bərabər digər güclərin də mövqeyini nəzərə almaq lazımdır:
“Qazaxıstanın həm Çinlə, həm ABŞ-la, həm də Avropa İttifaqı ilə kifayət qədər konstruktiv və yaxşı münasibətləri var. Bu mərkəzlər, rəsmi olaraq, Qazaxıstanın həm də mühüm tərəfdaşlarıdır.mHətta bu mərkəzlər, yəni Vaşinqton, Pekin və Brüssel belə Qazaxıstanın bu mövqeyini təbii ki, təqdir edər və onun vasitəçiliyini alqışlaya bilərlər. Bu nöqteyi-nəzərdən kifayət qədər real bir variant hesab oluna bilər. Baxmayaraq ki, digər variantlar da mövcud hesab edilir. ABŞ və Türkiyə də zaman-zaman Ukrayna və Rusiya təmsilçiləri görüşlər keçirirlər. Təbii ki, ABŞ da vasitəçilik niyyətlərini gizlətmir və Tramp üçün çox vacib, prinsipial məsələ həll olunur. Yəni, bu nüanslar da nəzərə alınmalıdır. Digər tərəfdən Putin və Zelenskinin bir araya gəlməsi, şübhəsiz ki, bu savaşın gedişinə öz təsirini göstərə bilər. Bu, dərhal savaşın dayanması demək olarmı? Açıqcası, belə düşünmürəm. Amma bütün hallarda liderlərin bir araya gəlməsi çox mühüm bir hadisə olardı. Lakin hazırkı şəraitdə, xüsusən də Rusiya tərəfinin buna hazır olmadığı şübhə doğurur. Çünki nə qədər bəyanatlar verilsə də, Rusiya tərəfindən hələlik bu istək açıq şəkildə görülmür. Və Rusiya Prezidenti Donbas ərazilərinin, xüsusən də Donetskdə işğal olunmamış qalan ərazilərinin ən azı ilin sonuna qədər işğal edilməsi planını ordunun qarşısına məqsəd, hədəf olaraq qoyub. O, bundan sonra, danışıqlar masasına gəlmək istəyir. Amma Qazaxıstan təşəbbüsü irəli sürüləcəksə, o zaman bu demək olacaq ki, tərəflər doğrudan da savaşı bitirmək niyyətindədirlər və bunun üçün müəyyən bir görüşün keçirilməsinə ehtiyac yaranıb”.