- Paşinyan Moskvanın qəzəbinə tuş gəlmək istəmir
Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinə Rusiya barədə göstəriş verib.
“İravunk” nəşrinin yazdığına görə, Nikol Paşinyan Milli Məclisin növbəti iclaslarından əvvəl partiyadaşlarına belə bir xəbərdarlıq edib:
“Susun! Rusiya məsələsinə qarışmayın, bu mövzuda heç nə yazıb-pozmayın. Rusiya ilə bağlı hansısa məsələ olsa, özüm danışacam. Bəsdir, etdiyiniz axmaqlıqların məsuliyyətini mən daşıyıram”.
Politoloq Zeynal Əmralıyev Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son dövrlərdə verdiyi bəyanatlarda Rusiyaya münasibətdə kifayət qədər ehtiyatlı mövqe sərgiləyir və Moskva ilə açıq qarşıdurmadan yayınmağa çalışır.
Politoloqun sözlərinə görə, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistanın Qərbə inteqrasiyası istiqamətində ardıcıl addımlar atır və ölkəni Rusiyanın təsir dairəsində olan bir sıra təşkilatlardan uzaqlaşdırmağa çalışır: 
“Belə ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını faktiki olaraq dondurub, Avrasiya İqtisadi İttifaqı çərçivəsində isə əvvəlki dövrlərlə müqayisədə daha passiv mövqe nümayiş etdirir. Bununla yanaşı, Ermənistanın NATO ilə yaxınlaşmaq və Avropa İttifaqına üzvlük istiqamətində də səyləri müşahidə olunur. Ermənistanın bu addımları Rusiyadan tədricən uzaqlaşmağa çalışdığını göstərir. Lakin İrəvanın ehtiyat etdiyi əsas məqam Qərbin müəyyən mərhələdə Ermənistanı Rusiya ilə üz-üzə qoyaraq dəstəksiz buraxa bilməsidir. Paşinyan Ukrayna və Gürcüstan nümunəsini də nəzərə alır. Yəni Ermənistan Qərbə inteqrasiya yolunu seçsə də, bu prosesdə Rusiyanın mümkün təzyiqləri qarşısında tək qalmaq istəmir. Burada hərbi məsələləri bir kənara qoysaq belə, Ermənistanın iqtisadi baxımdan Rusiyadan ciddi asılılığı var. Bu asılılıq İrəvanın Moskva ilə münasibətlərdə daha ehtiyatlı davranmasının əsas səbəblərindən biridir. Ona görə də Paşinyan bir tərəfdən Qərbə inteqrasiya kursunu davam etdirir, digər tərəfdən isə Rusiya ilə münasibətləri kəskin şəkildə gərginləşdirməkdən çəkinir”.
Z. Əmralıyev qeyd edib ki, Paşinyanın ətrafında olan şəxslərin Rusiya əleyhinə aqressiv bəyanatlarla çıxış etməsi Ermənistanın Baş nazirini çətin vəziyyətə salır. Onun sözlərinə görə, bu səbəbdən Paşinyan bundan sonra verəcəyi açıqlamalarda daha ölçülü-biçili davranmağa, Moskvanın qəzəbinə tuş gəlməməyə çalışacaq: “Son parlament seçkiləri Rusiyanın Ermənistan daxilində hələ də ciddi təsir imkanlarına malik olduğunu Paşinyana bir daha göstərib. Paşinyan son seçkilərdə qalib gəlsə də, Rusiya amilinin onun siyasi mövqeyinə nə dərəcədə təsir göstərə biləcəyini aydın şəkildə gördü. Bir tərəfdən Samvel Karapetyana verilən dəstək, digər tərəfdən isə erməni kilsəsinin Rusiya tərəfindən dəstəklənməsi Paşinyanı kifayət qədər çətin vəziyyətə salmışdı. Bu baxımdan, o, Moskva ilə münasibətləri daha da gərginləşdirə biləcək açıqlamalardan yayınmağa və Rusiya ilə münasibətlərdə ehtiyatlı xətt yürütməyə çalışacaq”.