Qərb F-16-ların tədarükünü bilərəkdən ləngidir?- Müharibənin taleyinə təsir edəcək

Ukrayna Prezident ofisi rəhbərinin müavini İqor Jovkva deyib ki, Qərb Ukraynaya F-16 qırıcılarının tədarükü ilə bağlı qərarı yaxın vaxtda qəbul edəcək. Rəsmi Kiyevin bu məsələdə təkid etdiyini bildirən Prezident ofisinin təmsilçisi Ukraynanın F-16-ların tədarükünə mütləq nail olacağını vurğulayıb.
İ.Jovkva qırıcılardan istifadə etmək üçün ukraynalı pilotların tezliklə təlim-məşqlərə başlayacağını söyləyib.
O, ölkə prezidentinin qələbə üçün hər şeyi edəcəyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl təlimlərin avqust ayında başlayacağını deyib.
Məlumdur ki, F-16-lar kifayət qədər ciddi strateji əhəmiyyətli silahdır. Bu silahların Ukraynaya lazımi miqdarda tədarükü döyüş meydanındakı vəziyyətə əsaslı təsir göstərə bilər. Məhz F-16-lar sayəsində Ukrayna Krım yarımadası ilə bağlı planlarını həyata keçirə bilər. Lakin görünən odur ki, Qərb sözügedən qırıcıların tədarükünə tələsmir. Bu isə ABŞ və müttəfiqlərinin müharibənin hələ davam etməsində maraqlı olduğunu göstərir. 
 Ola bilsin, F-16-ların tədarükü ilə bağlı Qərb dövlətləri arasında fikir ayrılığı var. Çünki dediyimiz kimi, bu məsələ birbaşa müharibənin taleyinə təsir edəcək. 
 Əgər Qərb müharibədə, həqiqətən, Ukraynanın qalib gəlməsini istəyirsə, F-16-ları ən qısa müddətdə təhvil verməlidir. Beləliklə, Qərb, xüsusilə ABŞ öz səmimiliyini göstərmiş olar. Əksinə, qırıcılarla bağlı məsələnin uzanması isə müttəfiqlərin qeyri-səmimiliyinin və açıqlamadıqları başqa planlarının olmasının təzahürüdür. 
 Son zamanlar bir sıra Qərb ölkələri, o cümlədən Polşa ilə Ukrayna arasında münasibətlər pozulur. Bunun arxasında konkret hansı səbəblərin dayandığını deyə bilmərik. Amma ehtimal var ki, artıq bəzi Qərb dövlətləri müharibənin uzanmasını istəmir. Bu isə həm də F-16-ların tədarükü ilə bağlı ziddiyyətin yaranması ehtimalını gündəmə gətirir. 
 Reallıq ondan ibarətdir ki, hətta qırıcılar Ukraynaya tədarük edilsə belə, bu, yaxın vaxtda olmayacaq. F-16-ların tədarükü üçün ən azından yarım il vaxt lazımdır. Bu isə o deməkdir ki, qarşıda Ukraynanı hələ çətin günlər, qanlı döyüşlər gözləyir. 

Kənan Novruzov