Qərbi Azərbaycanda 449 kəndi tarixdən siliblər
Bu, böyük beynəlxalq cinayətdir
Ermənilər XX əsr boyu bu siyasəti mərhələli şəkildə, ardıcıl olaraq, məqsədli formada həyata keçiriblər
"Ermənilər Qərbi Azərbaycanda 449 kəndin nəinki adını dəyişib, ümumiyyətlə ləğv edib, tarixdən siliblər". Bunu AMEA-nın prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib. O bildirib ki, XX əsr boyunca ermənilər indiki Ermənistan ərazisindən Azərbaycanın adını tamamilə silməyə nail olub:
"XX əsrdə Qərbi Azərbaycanda hər şey erməniləşdirilib. Bu, dünyada görülməmiş hadisədir. Başqa yerlədə də müharibə olub, hansısa ərazilər digər dövlətlərin nəzarətinə keçib. Lakin heç bir yerdə toponimlərin bu qədər dəyişdirilməsi ilə bağlı siyasət yürüdülməyib. Bu, genosid siyasətidir. Nəinki milləti qırmaq, onun adını tarixdən silməkdir. Bu, böyük beynəlxalq cinayətdir. Görünən odur ki, ermənilər XX əsr boyu bu siyasəti mərhələli şəkildə, ardıcıl olaraq, məqsədli formada həyata keçirib. Və onu da qeyd edim ki, bu adların hamısı rəsmi şəkildə, ovaxtkı Ermənistan SSR Ali Sovetinin qərarı ilə dəyişdirilib".
"Tarixi toponimlərimizin bərpası ilə bağlı bir sıra tədbirlər həyata keçirəcəyik"
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, tarixi toponimlərimizin bərpası ilə bağlı bir sıra tədbirlər həyata keçiriləcək: "Toponimlər bir millətin kimliyidir. Bu, ərazidə hansı millət yaşadığını göstərir".
O bildirib ki, bu səbəbdən ermənilər 200 il əvvəl həmin ərazilərə yerləşəndə ilk növbədə ərazilərimizin adlarını dəyişdirməyə başlayıblar. Eyni zamanda biz Qarabağ və Şərqi Zəngəzurda da bunun şahidi olmuşuq. Tarixi toponimlərimizin bərpası ilə bağlı bir sıra tədbirlər var və bunları həyata keçirəcəyik".
"Ermənilər Cənubi Qafqaza köçürüləndən etnik təmizləmə ilə məşğul olublar"
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli vurğulayıb ki, ermənilər Cənubi Qafqaza köçürüləndən etnik təmizləmə ilə məşğul olublar. O bildirib ki, bu etnik təmizləmə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların adını tarixdən silməklə müşahidə olunub: "İrəvan qalası işğal altına düşəndən dərhal sonra ermənilər oradakı Rəcəb Paşa məscidini fransızlar kilsəsinə çevirdilər. Həmçinin digər məscidlərimiz də dağıdılıb, Göy məsciddən başqa heç birinin izi-tozu yoxdur. Ötən əsrin əvvəllərindən ermənilər rəsmi şəkildə toponimlərimizin dəyişdirilməsinə başlayıblar və bu proses bu gün də davam edir. Ermənilər bir-iki dəfə dəyişdirdikləri adları bir də dəyişdirərək tarixi izləri itirməyə çalışırlar. Hər dəfə araşdırdıqda yeni adlar üzə çıxır".
"1903-cü il xəritəsində Qərbi Azərbaycanda bir dənə də erməni adı tapa bilməzsiniz"
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, 1903-cü il xəritəsində Qərbi Azərbaycanda bir dənə də erməni adı tapa bilməzsiniz: "Oradakı bütün adlar türk adlarıdır. Bu, hərbi yönümlüdür və hesab edirəm ki, çox vacib xəritədir. Qayıdışımız zamanı biz bu xəritədən mütləq istifadə etməliyik".
Qərbi Azərbaycan toponimləri ilə bağlı elektron baza yaradılacaq
AMEA-nın Coğrafiya İnstitutunun direktoru Zakir Eminov deyib ki, Qərbi Azərbaycan toponimləri ilə bağlı elektron bazanın yaradılması istiqamətində işlər aparılır. O bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə işlər yekunlaşacaq.