Qurban olacaq: Qərbdə Ukraynanın üzləşdiyi problem barədə xəbərdarlıq edilib

Almaniyanın "Der Spiegel" qəzeti yazır ki, İranla uzanan müharibə fonunda ABŞ-ın hərbi gücünün zəifləməsi səbəbindən Ukrayna ilk qurban ola bilər.

ABŞ hərbçiləri hücumlarının videogörüntülərini mütəmadi olaraq sosial şəbəkələrdə yayımlayırlar. Lakin bu videoların hərbi ekspertləri aldatması çətin görünür. Ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ ordusunun döyüş sursatları tədricən tükənə bilər. Bu çatışmazlıq qlobal qeyri-sabitlik yaradır və Ukrayna onun nəticələrini ilk hiss edən ölkə ola bilər.

Məqalə müəllifinin sözlərinə görə, ABŞ hərbçilərinin İranda uğursuzluğu Kiyevin döyüş qabiliyyətinin tam itirilməsi ilə nəticələnə bilər.

“Ukrayna, ehtimal ki, bunun ilk qurbanı olacaq: Kiyevin Patriot raketlərinə ehtiyacı var və artıq onların sayı kifayət etmir. Ehtimal olunur ki, Ukrayna ilə Fars körfəzi ölkələri silah bazarında təchizat uğrunda rəqabətə girəcək. Nəticədə qiymətlər artacaq və Kiyev bu rəqabətdə uduza bilər”, - deyə Spiegel yekunlaşdırır.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski etiraf etmişdi ki, ABŞ-ın İrana qarşı əməliyyatları səbəbindən artıq həmin silah və raketlərə özünün ehtiyacı yarandığı üçün Ukraynanın onları əldə etməsində çətinliklər yarana bilər. Daha əvvəl isə o, NATO ölkələrinin maliyyə töhfələri hesabına silahların sürətli çatdırılmasını nəzərdə tutan PURL təşəbbüsü çərçivəsində Avropa tərəfindən ödənişin gecikməsi səbəbindən Patriot sistemləri üçün raketlərin Ukraynaya vaxtında çatdırılmadığını bildirmişdi.