- “ABŞ və Çin dünyanı bölüşür, Rusiyanın isə əsas üstünlüyü nüvə arsenalıdır”
Dünya siyasətində güc balansı son illərdə iqtisadi, hərbi və texnoloji rəqabətin təsiri ilə dəyişməkdə davam edir. Xüsusilə ABŞ, Çin və Rusiya arasındakı münasibətlər beynəlxalq münasibətlər sisteminin formalaşmasında mühüm rol oynayır.
Bu ölkələrin qlobal mövqelərini müəyyənləşdirən amillər isə yalnız hərbi potensial və iqtisadi göstəricilərlə məhdudlaşmır. Ticarət, müdafiə sənayesi, nüvə imkanları, texnologiya, innovasiya və insan kapitalı da onların beynəlxalq nüfuzuna təsir edən əsas meyarlar sırasındadır.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bu göstəricilərin üç ölkənin real güc nisbəti haqqında hansı mənzərəni ortaya qoyduğundan və müasir dünya nizamında hansı ölkənin hansı sahədə üstün mövqeyə malik olduğundan danışıb:
"ABŞ, Çin və Rusiyanı yalnız ordularının böyüklüyünə və ya iqtisadi istehsal göstəricilərinə əsasən müqayisə etmək bugünkü güc balansını anlamaq üçün kifayət etmir. İqtisadi miqyas, ticarət, dövlət borcu, müdafiə sənayesi, logistika, nüvə potensialı, kosmos, süni intellekt, innovasiya və insani inkişaf göstəriciləri birlikdə dəyərləndirilməlidir. Bu göstəricilər ölkələrin müxtəlif sahələrdə önə çıxdığını, lakin güclərinin eyni ölçüdə və eyni şəkildə paylanmadığını göstərir.
Məlumatlar müxtəlif illərə aid olduğuna görə hər göstəricinin dövrünü ayrıca qeyd etmək lazımdır. Məsələn, ÜDM rəqəmləri IMF-in 2026-cı il proqnozlarına, ticarət göstəriciləri 2025-ci ilin nəticələrinə, İnsan İnkişafı İndeksi 2023-cü ilin məlumatlarına, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə (R&D) çəkilən xərclər isə 2024-cü ilin göstəricilərinə əsaslanır. Buna görə də bu müqayisə bir ilin mənzərəsi deyil, mövcud son məlumatlarla hazırlanmış strateji görünüşdür".
Ekspert ABŞ-nin miqyası, Çinin istehsal və ticarət çəkisi barəsində də fikirlərini bölüşüb:
"IMF-in 2026-cı il nominal ÜDM proqnozuna görə, ABŞ 32,64 trilyon dollarla dünyada birinci, Çin 21,55 trilyon dollarla ikinci, Rusiya isə 2,86 trilyon dollarla səkkizinci yerdədir. Bu fərq ABŞ və Çinin qlobal iqtisadi nizamın əsas iki mərkəzi olduğunu təsdiqləyir. Böyük hərbi və siyasi təsirinə baxmayaraq Rusiyanın iqtisadi miqyas baxımından bu iki ölkədən geri qaldığını göstərir.
Ticarətdə mənzərə fərqlidir. Çin 2025-ci ildə 3,772 trilyon dollarlıq mal ixracı ilə birinci, ABŞ isə 2,185 trilyon dollarla ikinci yerdə qərarlaşıb. Mal idxalında ABŞ 3,507 trilyon dollarla birinci, Çin isə 2,583 trilyon dollarla ikinci olub. Bu göstəricilər Çinin istehsal və ixrac imkanlarını, ABŞ-ın isə böyük daxili bazarını və qlobal tələbat üzərindəki təsirini əks etdirir. Rusiyanın 2025-ci ildə mal ixracı təxminən 419 milyard, idxalı isə 303 milyard dollar olub. Dərc edilmiş sıralamalarda Rusiya ixracda 21-ci, idxalda isə 25-ci yerdədir. Rusiyanın ticarət gücü əhəmiyyətli olsa da, enerji və xammal gəlirlərindən daha çox asılı olması onun iqtisadi strukturunu ABŞ və Çindən fərqləndirir.
Dövlət borcu özlüyündə iqtisadi dayanıqlığı izah etmir, lakin ölkələrin maliyyə manevr imkanlarını göstərən mühüm meyardır".
Mütəxəssis bildirib ki, 2026-cı il proqnozuna əsasən, ABŞ-ın dövlət idarəetməsi üzrə ümumi borcu təxminən 41,4 trilyon dollar, ÜDM-in 126,8 faizi səviyyəsindədir:
"Çində borc təxminən 22,5 trilyon dollar və ÜDM-in 104,4 faizi, Rusiyada isə təxminən 550 milyard dollar və ÜDM-in 19,3 faizidir. ABŞ və Çin borcun ümumi məbləğinə görə ən yüksək göstəricilərə malikdir, Rusiyanın borcunun ÜDM-ə nisbəti isə daha aşağıdır. Bununla belə, aşağı borc nisbəti özlüyündə iqtisadiyyatın güclü və şaxələndirilmiş olması demək deyil. İstehsal strukturu, dövlət gəlirlərinin mənbələri, maliyyə resurslarına çıxış və xarici şoklara davamlılıq da nəzərə alınmalıdır.
Bu meyarlar əsasında aparılan keyfiyyət təhlilində ABŞ-ın iqtisadi dayanıqlığı çox yüksək, Çinin yüksək, Rusiyanın isə orta səviyyədə qiymətləndirilir. ABŞ-ın dərin maliyyə bazarları və böyük daxili bazarı mühüm dayaq rolunu oynayır, yüksək dövlət borcu isə zəif tərəfdir. Çinin güclü sənaye bazası və ixrac bazarlarını şaxələndirmək qabiliyyəti diqqət çəkir. IMF ölkənin xarici şoklara qarşı dayanıqlıq göstərdiyini qeyd etməklə yanaşı, daxili tələbat, daşınmaz əmlak sektoru və borcla bağlı struktur problemlərə də diqqət çəkir. Rusiyanın aşağı dövlət borcu və xammal gəlirləri müəyyən maliyyə çevikliyi yaratsa da, iqtisadi şaxələndirmənin məhdudluğu və sanksiyalar onun dayanıqlıq qiymətləndirməsini aşağı salır. Bu dəyərləndirmələr rəsmi dünya sıralaması deyil, bir neçə göstəricinin birlikdə şərhinə əsaslanır".
Yücel Karauz qeyd edib ki, büdcə ilə müharibəni davam etdirmək qabiliyyəti eyni deyil:
"Global Firepower təşkilatının 2026-cı il konvensional hərbi güc sıralamasında ABŞ birinci, Rusiya ikinci, Çin isə üçüncü yerdədir. Bu indeks şəxsi heyət, texnika, maliyyə, logistika və coğrafiya kimi amilləri birləşdirən özəl qiymətləndirmədir. Buna görə də onu rəsmi və ya bütün mütəxəssislərin qəbul etdiyi vahid “hərbi güc sıralaması” kimi nəzərdən keçirmək olmaz.
SIPRI-nin 2025-ci il məlumatlarına görə, müdafiə xərclərində ABŞ 954 milyard dollarla birinci, Çin təxminən 336 milyard dollarla ikinci, Rusiya isə təxminən 190 milyard dollarla üçüncü yerdədir. Bu rəqəmlər resurslar arasındakı ciddi fərqi göstərir. Lakin onlar bir ölkənin büdcədən nə dərəcədə səmərəli istifadə etdiyini, sursat ehtiyatlarını nə qədər tez bərpa edə bildiyini və uzunmüddətli münaqişədə təchizat zəncirlərini nə dərəcədə davam etdirə biləcəyini təkbaşına izah etmir.
Müdafiə sənayesi və logistika dayanıqlığı da bu səbəbdən büdcədən ayrıca qiymətləndirilməlidir. ABŞ-ın qlobal miqyasda hərbi əməliyyat aparmaq imkanı və güclü müdafiə sənayesi var.
Bununla yanaşı, sursat ehtiyatları, istehsal müddətləri və təchizat zəncirləri ilə bağlı çətinliklər müzakirə olunur.
Analitik Çinin geniş sənaye bazası və böyüyən müdafiə istehsalının olduğunu, lakin dəniz ticarət yollarından və kritik xammal və komponentlərdən asılılığı strateji həssaslıq yaratdığını söyləyib:
"Rusiya müharibə şəraitində bəzi silah və sursat növlərinin istehsalını artıra bilən ölkədir. Ancaq sanksiyalar, texnologiyaya çıxışın məhdudlaşması və xarici təchizat çətinlikləri istehsalın maya dəyərinə və keyfiyyətinə təsir edir. Buna görə cədvəldə ABŞ və Çinin müdafiə-logistika dayanıqlığı “yüksək”, Rusiyanınkı isə “orta-yüksək” kimi qiymətləndirilib. Bu dəyərləndirmələr vahid qlobal indeksə əsaslanan sıralama deyil.
Kosmos və nüvə potensialı güc balansının başqa bir tərəfini göstərir. 18 noyabr 2026-cı il tarixinə olan aktiv peyk sayımında ABŞ 13.110 peyklə birinci, Çin 1.609 peyklə ikinci, Rusiya isə 388 peyklə dördüncü yerdədir. Peyklərin sayı özlüyündə hərbi üstünlük demək deyil, lakin rabitə, naviqasiya, erkən xəbərdarlıq və kəşfiyyat imkanları üçün vacib infrastruktur yaradır.
SIPRI-nin 2026-cı ilin yanvar ayına olan qiymətləndirməsinə görə, ümumi nüvə arsenalı Rusiyada 5.420, ABŞ-da 5.042, Çində isə 620 döyüş başlığıdır. Bu rəqəmlər döyüş növbətçiliyində olan silahları deyil, ümumi arsenalı ifadə edir. Rusiya və ABŞ-ın nüvə potensialı Çinin sürətlə böyüyən arsenalı ilə birlikdə nəzərdən keçirildikdə, hər üç ölkənin hərbi sahədə sistemli çəkisi aydın görünür".
Müsahibimiz texnologiya və insan kapitalının gələcəyin güc meyarları olaraq önəmindən də bəhs edib:
"İnnovasiya və süni intellekt sıralamaları iqtisadi miqyasın gələcəkdə texnoloji gücə nə dərəcədə çevrilə bildiyinə dair ipucları verir. WIPO-nun 2025-ci il Qlobal İnnovasiya İndeksində ABŞ üçüncü, Çin onuncu, Rusiya isə 60-cı yerdədir. Stanford Universitetinin 2024-cü il Süni İntellekt Canlılıq İndeksində ABŞ 36 ölkə arasında birinci, Çin ikinci, Rusiya isə 28-ci yerdə qərarlaşıb. Bu göstəricilər ABŞ və Çinin texnologiya yarışının ön sıralarında olduğunu, Rusiyanın isə bu sahədə daha məhdud mövqedə qaldığını göstərir.
2023-cü ilin məlumatlarına əsaslanan İnsan İnkişafı İndeksində ABŞ 0,938 balla 17-ci, Rusiya 0,832 balla 64-cü, Çin isə 0,797 balla 78-ci yerdədir. 2024-cü ildə alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə çəkilən xərclərdə Çin 785,9 milyard dollarla birinci, ABŞ 781,8 milyard dollarla ikinci, Rusiya isə 38,1 milyard dollarla 11-ci yerdədir. Çinlə ABŞ arasındakı R&D rəqabəti bu iki ölkənin yalnız bugünkü istehsal və ticarətdə deyil, gələcəyin texnologiyalarında da aparıcı rol oynamaq istəyini göstərir".
Y.Karauzun fikrincə dünya üç bərabər qütb deyil, “2,5 qütblü” və çoxqatmanlı nizama çevrilib:
"Bu göstəricilər işığında ən münasib qısa cavab “2,5 qütblü və çoxqatmanlı dünya” ola bilər.
ABŞ və Çin iqtisadi miqyası, ticarəti, texnologiyanı və hərbi imkanları birlikdə özündə birləşdirən iki genişmiqyaslı güc mərkəzidir. Rusiya isə nüvə arsenalı, hərbi potensialı, enerji resursları və müharibə şəraitində istehsalı davam etdirmək imkanları ilə üçüncü strateji mərkəzdir. Lakin iqtisadi və texnoloji göstəricilərdə ABŞ və Çinlə eyni səviyyədə olmadığı üçün bu üç ölkəni “bərabər çəkili üç qütb” adlandırmaq yanıltıcı olardı. “2,5 qütb” ifadəsi Rusiyanın xüsusilə təhlükəsizlik sahəsində çox güclü, lakin bütün güc sahələrində eyni imkanlara malik olmayan mövqeyini ifadə edən analitik bənzətmədir".
Müsahibimiz sonda qeyd edib ki, dünya nizamı yalnız bu üç ölkənin rəqabətindən ibarət deyil:
"Avropa İttifaqı, Hindistan, Yaponiya, Türkiyə və regional aktorlar ticarət, texnologiya, enerji, müdafiə və diplomatiya sahələrində müxtəlif çəkilərə malikdir. Buna görə də bugünkü nizamı iki genişmiqyaslı qlobal qütbün ətrafında, gücləri ayrı-ayrı sahələrdə fərqlənən aktorların yer aldığı asimmetrik və çoxqatmanlı güc balansı kimi dəyərləndirmək daha düzgün olar".