- KTMT Rusiyanın təsir alətinə çevrilib, türk dövlətləri bu qurumdan çıxmalıdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı son bəyanatları Bakı ilə Moskva arasında növbəti diplomatik polemikanın yaranmasına səbəb olub.
Zaxarovanın Ermənistanın vaxtilə KTMT mexanizmlərinin işə salınmasına çağırış etməsi və bunun “Dağlıq Qarabağ”ın statusu ilə əlaqələndirilməsi barədə fikirlərinə Azərbaycan Xarici İşlər Nazirliyi sərt reaksiya verərək, bu açıqlamaların reallığın təhrif edilməsi olduğunu bəyan edib. Rəsmi Bakı bir daha vurğulayıb ki, Qarabağ beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb və Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini beynəlxalq hüquqa uyğun şəkildə bərpa etməsi ilə keçmiş münaqişə artıq tarixə qovuşub. Bununla yanaşı, Zaxarovanın illər əvvəl baş vermiş hadisələri və KTMT-nin həmin dövrdəki mövqeyini yenidən gündəmə gətirməsi müxtəlif suallar doğurur. Moskvanın bu məsələni hazırkı mərhələdə yenidən qabartmasının səbəbləri, bunun Rusiya-Ermənistan münasibətlərində yaşanan gərginliklə nə dərəcədə əlaqəli olduğu, eləcə də bu cür açıqlamaların Azərbaycan-Rusiya münasibətlərinə mümkün təsirləri ekspertlər tərəfindən fərqli aspektlərdən dəyərləndirilir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a söyləyib ki, Rusiya hər zaman oyunpozanlıq edib:
“Ermənilərlə bizim düşmən olmağımızın bir nömrəli səbəbkarı da Rusiyadır. Onlar heç bir zərurət olmadan tam qapanmış bir məsələnin üzərinə qayıdır və ictimai rəyi qızışdırmaq istəyirlər. Həmçinin Ermənistana dolayı yolla “qorxma, burdayıq” mesajı verirlər. Ancaq Rusiya bu davranışla “xal” qazana bilməyəcək. Çünki biz, köhnə biz deyilik. Azərbaycan artıq öz ayaqları üstündə möhkəm dayanan və dünyanın qəbul etdiyi bir dövlətdir. Yəni Rusiya bizi xaosa, qarşıdurmaya sürükləyəcək vəziyyətdə deyil”.
Analitik qeyd edib ki, Azərbaycan XİN-nin bəyanatı normal dövlətlər üçün dərhal hərəkət səbəbi ola bilərdi:
“Amma qarşımızda vurdumduymaz Rusiya var. O, bəyanatları, dövlət ədəbini, diplomatik qaydaları vecinə almır. Azərbaycan XİN-nin mövqeyi isə yerində və vaxtında səsləndirilib. Rusiya anlamalıdır ki, Azərbaycan onun hər cığal əməlinə susqunluqla cavab verən deyil.Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, əlbəttə, Zaxarova əslində məntiqli izah da verir. Söhbət ondan gedir ki, biz buna bir söz də demirik, etirazımız da yoxdur. Sadəcə olaraq, “Dağlıq Qarabağ” adlı dırnaqarası qurumu yenidən diriltmək, onun adını çəkmək, gündəmə gətirmək və yenə də Ermənistanın üzərinə getmək istəyirlər. Halbuki Ermənistan özü belə Qarabağı tanımamışdı. Yəni Zaxarovanın davranışı onu göstərir ki, Rusiya guya Ermənistanın “Dağlıq Qarabağ” adlı dırnaqarası qurumu dövlət kimi tanımasını istəyirmiş. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, mən dəfələrlə demişəm ki, bu təşkilat əslində qalan türk dövlətlərinin və Ermənistanın hesabına ayaqda qalır. Ona görə də Ermənistan da, qardaş Qazaxıstan və Qırğızıstan da bu qurumdan uzaqlaşmalıdır. Artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın arxa bağçası kimi dövlətlərin üzərinə gəlməməlidir. İki türk dövləti, eləcə də Tacikistan və Ermənistan bu qurumda qalmaqla əslində Rusiyanın təsir imkanlarına əlavə güc qatırlar. Təbii ki, bu dövlətlər artıq həmin qurumdan uzaqlaşmalıdırlar ki, belə təhdidlər və belə çıxışlar bir daha təkrarlanmasın”.