Rusiya dəniz dəhlizini bağladı - Ukrayna BMT Təhlükəsizlik Şurasına çağırış etdi

Rusiya Qara dənizdə mülki yük gəmilərinə hücum edib və Ukrayna dəniz dəhlizi vasitəsilə nəqliyyatın hərəkətini tamamilə dayandırıb. Ukrayna qlobal aclıq təhlükəsi səbəbindən BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq təşəbbüsü ilə çıxış edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Andrey Sıbiqa bildirib.

"Son bir neçə gündə Rusiya qüvvələri ən azı üç mülki yük gəmisini atəşə tutub, nəticədə onlarla heyət üzvü ölüb və ya yaralanıb. Bundan əlavə, Rusiya Federasiyasının hərəkətləri səbəbindən biçin işlərinin ən qızğın vaxtında Ukrayna dəniz dəhlizindən bir dənə də olsun gəmi keçməyib" - deyə Sibiqa qeyd edib.

Onun sözlərinə görə, bu, ütün dünyaya qarşı iqtisadi və humanitar terror aktıdır: "İran Hörmüz boğazında enerji marşrutlarına hücum etdiyi kimi, Rusiya da indi Qara dənizdəki qlobal ərzaq bazarlarına zərbələr endirir".

Rusiya terrorunun davam etməsi Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında milyonlarla ailəni ərzaq qiymətlərinin artması və aclıq riski ilə təhdid edir.

“Ukrayna BMT Təhlükəsizlik Şurasının 27 iyulda təcili iclasının keçirilməsini tələb edib. Biz bütün dövlətləri Rusiyanın Qara dənizdə naviqasiya azadlığına hücumlarını dərhal dayandırmasını tələb etməyə çağırırıq”, - deyə Sibiqa qeyd edib.

Xatırladaq ki, 22 iyul gecəsi Rusiya Federasiyası Qara dənizdə "Golden Rose" gəmisinə hücum edib. Gəmi heyətinin 16 üzvü xilas edilib. Dünyanın ən böyük konteyner daşıyıcılarından biri olan "Maersk" Qara dəniz balıqçılıq limanı vasitəsilə xidmətlərini müvəqqəti olaraq dayandırıb.